ABŞ Dövlət Departamenti Dağlıq Qarabağla bağlı iki vacib sənədi açıqlayıb.
Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın 7or.am saytı məlumat yayıb.
Hər iki sənəd Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın münaqişənin həllinə dair mövqeyi ilə bağlıdır.
1993-cü ilin 29 mayına aid olan ilk sənəddə ABŞ-ın İrəvandakı səfiri Harri Gilmorla Ermənistanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Jirayr Lipartiyanın dialoqu yer alıb:
"Ter-Petrosyan hökuməti Qarabağı itirməkdən narahat deyil. Onlar başqa məsələlərə - demokratiya, insan hüquqları və həyat şəraitinin yüksəldilməsi ilə bağlı öhdəlik götürüblər. Kəlbəcərin qorunması erməni əhalisinin əsas hədəfinə çevriləcəksə, Ter-Petrosyan və hökuməti istefaya gedəcək. Onlar işğal olunmuş ərazilərin geri qaytarılmasının tərəfdarıdırlar”.
Digər sənəddə isə 1996-cı ildə ABŞ dövlət katibinin müavini Strob Talbottun ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Sandi Berger ilə yazışması qeyd olunub:
"Ter-Petrosyan bildirir ki, Dağlıq Qarabağ məsələsində 90% uğur qazana bilərik, qalan 10% üçün isə vasitəçilər lazımdır. Birinci ATƏT-in Minsq Qrupu, ikinci ABŞ, üçüncü isə Rusiya. Daha bir variant var – Azərbaycan Respublikasının dövlət müşaviri Vəfa Quluzadə ilə birbaşa dialoq. Ermənistan Prezidentinin sözlərinə görə, burada söhbət ərazi bütövlüyü və Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmaqdan gedir. Ter-Petrosyan eyni zamanda deyir ki, vasitəçilər Dağlıq Qarabağın təhlükəsizliyi ilə bağlı təminat məsələsini həll etməlidirlər. Onun sözlərinə görə, Qarabağ Ermənistanla əlaqədə olmalıdır. Bu, həm də hərbi-təhlükəsiz dəhliz olmalıdır”.
Şərhlər