Xəbər lenti

ABŞ-RUSİYA: FİNİTE LA COMEDİA?..
Hüseynbala Səlimov
Siyasət 12:58 01.08.2017

ABŞ-RUSİYA: FİNİTE LA COMEDİA?..

Hüseynbala Səlimov

Bəli, bir daha hamıya əyani şəkildə məlum oldu ki, "Amerika siyasi maşını” da "Amerika arzusu” kimi məzmunlu bir anlayışdır. Belə ki, bu günlərdə aydınlaşdı ki, Amerika ilə Rusiyanın münasibətlərinin normallaşacağına ya ifrat optimistlər, ya da ki, siyasətdən tamamilə uzaq adamlar inana bilər.

O da düzdür ki, ruslar indiyədək vəziyyətin düzələcəyinə və dostları Donald Trampın məsələni özü bildiyi kimi korrektə edəcəyinə bərk ümid edirlər. Amma bu günlərdə yüksək rütbəli bir rus məmuru maraqlı fikir demişdi. ABŞ–Rusiya münasibətlərini təhlil edən o adam demişdi ki, ümidlər adətən sonda ölür, amma artıq bu da baş verib – ümid ölübdür...

Təbii ki, məsələnin yekununu gözləmək üçün bir az da vaxt lazımdır. Amma düşünürəm ki, D.Tramp Konqresin və Senatın əleyhinə gedərsə, o halda böyük ictimai qınağa məruz qalacaq və özü ilə bağlı şübhələri bir azacıq da artıracaq.

Bəs bizim bu problemə marağımız nə ilə bağlıdır? Məsələ bundadır ki, Amerika ən azı Ukraynaya görə belə bir prinsipiallıq nümayiş etdirirsə, bunun özünü də təqdir etmək olar...

Həm də güclü Rusiya heç kimə lazım deyil, ələlxüsus da onun qonşularına. Amerika ilə soyuq münasibətlər azacıq da olsa, Rusiyanın imperiya ambisiyaların cilovlayır. 

İnanın, bəzən elə özüm də düşünürəm ki, görən, bizim Rusiya ilə bağlı fikir və mülahizələrimizdə 80–90 – cı illərin inqilabi ovqatı duyulmur? Bizim kimi təhlil adamları vəziyyəti bir az da "hiperbolizə” etmirik ki?..

Yadıma gəlir, 90-cı illərin ortalarında bəzi əcnəbi ekspertlər və politoloqlar belə deyirdi ki, Z.Bjezinski kimi politoloqlara bir o qədər də inanmayın, ona görə ki, bu adamların fikirlərində və ritorikalarında hələ də soyuq savaş dövrünün izləri qalıb, Dünya isə dəyişibdir, elə Rusiya da daha əvvəlki Rusiya deyildir.

Nə gizlədim, bir müddət biz də belə etdik. Çalışırdıq ki, Rusiyaya bir az yeni gözlərlə baxaq və onun siyasətində yeni çalarlar arayaq.

Amma məlum oldu ki, bütün bunlar əbəs imiş, Rusiyaya sadəcə, vaxt lazımmış və müəyyən qədər iqtisadi islahat aparandan, büdcəsini neftin və ya qazın hesabına azacıq doldurandan sonra bu ölkə özünün geosiyasi ambisiyalarını bir az da aktuallaşdırdı.

Sonrası isə hamıya məlumdur. Bilirsiniz, bu qədər amansız dövlət təsəvvür etmək belə mümkün deyildir. Ukrayna bir tərəfə, görün, bir o, Gürcüstanda nə edir? Abxaziyanın "sərhəd”lərini Gürcüstana tərəf çəkir və bundan zərrə qədər də utanc keçirmir. 

Məqsədi də budur ki, neft kəmərlərinin heç olmasa, bir hissəsini nəzarətə götürsün və bununla da Gürcüstana və Azərbaycana təsir etmək üçün əlavə bir "rıçaq” qazansın.

Ona görə də qoy, ABŞ–Rusiya münasibətləri elə bu cür gərgin vəziyyətdə qalsın. Belə olarsa, kiçik dövlətlər də bir az rahatlıq tapar və bölgədə nisbi də olsa, sakitlik bərqərar olar.

Təbii ki, bu konteksdə öz problemlərimiz də az maraq təşkil etmir. Bir çox təhlil adamları Soçi görüşündə nələrin müzakirə edildiyini və hansı razılaşmaların əldə olunduğunu hələ çözməkdə davam etsələr də yalnız bir məsələni deyə bilərik: münasibətlər düşünülən qədər də rəvan deyil.

Rusiyanın tərəfindən Ermənistana qarşı hər hansı bir təpki müşahidə edilmir və əksinə ruslar bu ölkə ilə münasibətlərini bir az da sıxlaşdırırlar. Gah vahid hərbi komandanlığa keçir, gah da ki, müştərək hərbi birləşmələr qurmaq istəyirlər.

Bütün bunların da nəticəsi o olur ki, Qarabağ problemi təkrar – təkrar daalan dirənir. Məsələnin ən qəliz tərəfi budur ki, Azərbaycan silahları pulla alır, valyuta ödəyir, Ermənistan isə bunu Moskvadan həddiyə kimi qəbul edir.

Bu məsələnin yalnız bircə tərəfidir. İndi Ermənistan Rusiyadan o qədər asılıdır ki, Moskva onun əvəzinə istənilən qərarı verə bilər. Amma etmirlər. Düzdür, Yerevan da guya ki, hərdən ayağını cızıqdan kənara qoymaq istəyir, guya NATO ilə və digər institutlarla münasibətlər qurur. 

Amma bunlar bayağı sirk təsiri bağışlayır. Ruslar da özlərini elə göstərirlər ki, sanki Ermənistanın da hansısa iradəsi vardır və Moskva onu da nəzərə almağa borcludur. Amma bütün bunlar bir daha deyirəm ki, bayağı sirkdir və hətta artıq azyaşlı uşaqlara da inandırıcı görünmür...

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->