Ekonomiks 15:29 15.02.2020

ABŞ Rusiyanın təsirini azaltmaq üçün Avropaya 1 milyard dollar ayıracaq

ABŞ Avropa İttifaqının layihələrini maliyyələşdirmək üçün 1 milyard dollara qədər vəsait ayırmaq niyyətindədir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo açıqlama verib. Onun sözlərinə görə, Vaşinqtonun bunu etməkdə məqsədi Avropanın Rusiya enerjisindən asılılığını azaltmaqdır.

"3 dəniz təşəbbüsü çərçivəsində layihələr üçün 1 milyard dollara yaxın vəsait ayırmağa qərar vermişik. Bu, avropalı dostlarımızın suverenliyini, firavanlığını və enerji müstəqilliyini təmin edəcək", - deyə dövlət katibi 56-cı Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

O, həmçinin Rusiyanın "Şimal Axını - 2" qaz boru kəmərinin sırf iqtisadi layihə olması ilə bağlı fikirlərinə inanmamağa çağırıb.

Üç Dəniz Təşəbbüsü, Mərkəzi və Şərqi Avropanın bir sıra ölkələrini bir araya gətirir. İştirak edən ölkələrin Adriatik, Baltik və Qara dənizlərə çıxışı var.

Camal