Ölkə 13:28 23.07.2013

“ABU-nun tələbələri ilə bağlı tədbirlər görüləcək”

2004-cü ildən sonra müxtəlif xarici ölkə ali məktəblərindən ABU-ya Təhsil Nazirliyinin razılığı olmadan, saxta sənədlər əsasında köçürülən, xaricdə təhsil aldığı ali məktəbin adını belə bilməyən bir çox tələbə təhsilini davam etdirmək üçün nazirliyə ərizə ilə müraciət edirlər. 

APA-nın xəbərinə görə, bu Təhsil Nazirliyinin Facebook səhifəsində təhsil sahəsi ilə bağlı vətəndaşları maraqlandıran suallara cavab verilərkən deyilib.

Cavabda qeyd olunub ki, belə tələbələrin əksəriyyəti ərizələrində birinci kursda Rusiyanın (Stalski adına Açıq Sosial Universiteti, Ş.Şamil adına Qafqaz Xalqları Universiteti, Dərbənd Humanitar İnstitutu, Moskva Dövlət Sosial Universitetinin Maxaçqala filialı və s.) və ya Ukraynanın (Heyətin İdarəolunması Beynəlxalq Akademiyası – Международная Академия Управления Персоналом və s.) müxtəlif ali məktəblərində təhsil aldığını, sonradan ABU-ya köçürüldüyünü bildirib və onların təhsilini başa vurmalarına köməklik göstərilməsini xahiş ediblər. Lakin onların 1-ci kursda təhsil aldıqları ali məktəbə sorğular göndərildikdə həmin tələbələrin orada təhsil almadığı və ümumiyyətlə bir çox ixtisasların həmin ali məktəbdə olmadığı göstərilib.

Nazirlikdən bildiriblər ki, bu günə qədər bu qəbildən olan tələbələr digər ali təhsil müəssisələrinə yerləşdirilməyiblər: “Yalnız belə vətəndaşların şikayəti əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılan istintaq başa çatdıqdan sonra bu tələbələrlə bağlı istintaqın yekunlarına uyğun qəbul olunmuş qərara əsasən tədbirlər görüləcək”.

Qaynar.info