Sənət 10:20 17.07.2014

Adil Mirseyid vəfat etdi

Uzun müddətdir qaraciyər serrozundan əziyyət çəkən tanınmış şair – rəssam Adil Mirseyid bu səhər vəfat edib.

Bu barədə Publika.az-a AYB-in mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləyib (1975-1978). Sonra Bakıda müxtəlif vəzifələrdə çalışıb (1978-1983). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində iki il redaktor vəzifələrində çalışıb (1992-1993).

Keçən əsrin 70-ci illlərinin axırlarından dövrü mətbuatda şeirlər çap etdirir. "Azərbaycan" və "Ulduz" jurnallarında silsilə şeirləri dərc olunub. "Güzgüdəki adam", "Bulud Adam", "Nəğmə Adam", "Vernisaj şeirlər", "Hardan baxsan görünən adam", "Ay Suvarisi" kitablarının müəllifidir. Rəsul Rza mükafatının laureatıdir. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Gümüş Arzu Türk Ədəbiyyatına xidmət ödülünə, Bahar Simpadisi ödüllərinə layiq görülüb.
 
Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston və s. dillərə tərcümə olunub.
 
İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 200-dən artıq esse və məqalənin müəllifidir. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə vəAzərbaycanda şəxsi kolleksiyalarda saxlanılır.

Allah rəhmət eləsin.

Qaynar.info