Ölkə 12:15 02.12.2013

Adını səhv yazdığım kişi

Şərif AG


Məlum sərəncamdan sonra Məhəmməd Əmin Rəsulzadə nəinki mətbuatın, həm də sosial şəbəkələrin gündəminə gəldi. Buna sevinəkmi, kədərlənəkmi bilmirəm. Amma bir də verdiyim suala bax! Biz ha vaxt ürəkdən sevinə bildik ki?! Heç ürəkdən şad olub gülməyin dadını da bilmirik. Neçə əsr əvvəl bilmişiksə də çoxdan unutmuş olarıq. Amma azadlığı “dada bildik” bir az. Boynumuza almalıyıq.


Dada bildik, bəli! Məhəmməd Əmin Rəsulzadənin heasbına. İfadə də elə bu böyük şəxsiyyətə məxusudur. “Dadızdırmaq!” ADR-in süqutundan sonra keçmiş silahdaşı və ona can borcu olan Stalinin kinayəli sualına cavab olaraq işlətmişdi bu ifadəni. Stalin Danabaş kəndinin sakinləri üçün demokratiyanın bir anlam daşımadığını düşünürdü. Ona görə Rəsulzadənin və onun əqidə dostlarının 23 aylıq zəhmətinə bir çırpıda yelə verirdi.

Lahıcda tutulub dustaq kimi gətirilən Rəsulzadəyə demişdi: “Axı, məmləkətinizə bununla nə verə bildiniz?” Rəsulzadənin cavabı dahiyanə olmuşdu: “Azadlığın nə olduğunu onlara dadızdırdıq!”

Elə buna görə ƏMİNliklə demişdi ki, bir kərə yüksələn bayraq, bir daha enməz! Azadlığın dadını bilən xalq bir gün onu mütləq axtaracaq. Mütləq!

Tarix sübut etdi ki, Rəsulzadə haqlıdır.

Mən dahi liderin adındakı Əmin sözünü həmişə bu mənada anlamışam. Amma ilk dəf adını eşidəndə Məhəmməd Əmir kimi yazmışdım. O vaxt Əmin adında adam tanımırdım və bir millətin azadlığından bu qədər əmin olacaq bir kişini təsəvvürümə belə gətirmirdim.

Yaşım da çox az idi.

Hardasa 86-87-ci illər olardı.

Tarix müəllimimiz səsini qısıb qışın soyuğunda ərinmədən dərsə gələn 4 nəfər sevimli şagirdinə bu adı söyləmişdi. O vaxt, inanın mənə, rayonlarda işləyən tarix müəllimlərinin mütləq əksəriyyəti Rəsulzadəni tanımırdı, tanıyanlar isə səmimi qəlbdən vətən xaini sayırdı.

Bizim tarix müəllimi – Əbil Şükürov Bakıda işləmişdi, o dövrü tədqiq etmişdi. Amma ailə güzəranının ağırlığından kənddəki qohumlarının yanına qayıtmağa məcbur olmuşdu. Əbil müəllim bu gün də sağdır və yaşla bağlı təqaüdə çıxanacan rayonumuzun Bakıda yerləşən ən yaxşı orta məktəblərindən birinə rəhbərlik edirdi. Rəsulzadəni bizə tanıtdığı üçün sevimli müəllimimə can sağlığı arzu edirəm.

O vaxt eynən belə söyləmişdi:

“Bu adı dəftərinizin bir küncünə yazın, vaxt gələcək, bu adamla fəxr edəcəksiniz”.

O gün-bu gün adını dəftərimin küncünə səhv yazdığım bu adamla fəxr elədim. İndi də edirəm və edəcəyəm də!

Novruzəlilərin, məmmədhəsən əmilərin, şeyx şabanların, şeyx nəsrullahların yaşadığı bir dönəmdə, üstəlik İran və Rusiyanın təhdidi altında bir ovuc ziyalı ilə ayağa qalxıb xalqa bu hədiyyəni edəsən! Şərqə ilk demokratik cümhuriyyət bağışlayasan. Özü də, xanlıqlar şəklində Rusiya tərəfindən ilhaq olunan dərbədər bir məmləkətdə!

Əgər ADR olmasaydı SSRİ-yə qatılırkən bizə müttəfiq respublika statusu verilməyəcəkdi. Uzağı muxtar vilayət olacaqdıq ki, ittifaq dağılandan sonra da imperiyadan qopa bilməyəcəkdik. Rusiya Bakını buraxardımı sizcə?

Türkiyədə rəhmətə gedəndə üç dəfə “Azərbaycan” – dedi...

Məmləkətdən çox narahat idi.

Bu gün ruhu şaddırmı görəsən?!

Nədənsə inana bilmirəm.

Dedim axı, biz nə vaxt könüldən sevinə bildik ki?!