Sənət 17:53 12.06.2019

ADO teatrı Gürcüstan Parlamentinin qarşısında çıxış edəcək

Ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) Gürcüstanın paytaxtı, Tbilisidə, Parlament binasının qarşısında çıxış edəcək.

Qaynarinfo-nun verdiyi xəbərə görə, nümayiş 22 iyun, saat 19:00-da baş tutacaq. Teatr bu dəfə Gürcüstana yeni hazırladığı "Gic-Daban” (Crazy-Heel) tamaşası ilə gedəcək. Küçə temaşasına teatrın bir neçə performansı və repertuarındakı bəzi tamaşalarından parçalar da əlavə olunub. 

Səfərlə bağlı ötən gün teatr Gürcüstan meriyasına rəsmi müraciət edib, müraciətdən bir neçə saat sonra meriya ADO teatrına müsbət cavab verib, eyni zamanda Gürcüstan polisinə məlumat verərək nümayiş zamanı təhlükəsizliyin təmin olunmasını istəyib.

Qeyd edək ki, ADO teatrı Bakıda fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanın bölgələrinə mütəmadi səfərlər edir. Teatr beynəlxalq səfərlərə, festivallara da qatılır. ADO Fransa, Gürcüstan, Türkiyə, İtaliya, İran, Belarusiya, Ukrayna, Rumıniya, Rusiya, Böyük Britaniyada olub, digər ölkələrin artistləri ilə əməkdaşlıq da edir.