İdman 14:40 13.08.2013

AFFA “Qarabağ”ı cəzalandırdı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının II turunda qeydə alınan neqativ hallara baxılıb. Komitə 3 futbolçunu cəzalandırıb və 4 kluba cərimə kəsib.

“Neftçi” ilə matçın 78-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan “Rəvan”ın futbolçusu Miloş Adamoviç 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. AZAL-la qarşılaşmanın 45+1-ci dəqiqəsində qırmızı vərəqə alan “Bakı”nın futbolçusu Devidas Çesnauskisin də cəzası eyni olub.

“Qarabağ”la matçda ikinci sarı vərəqəyə görə 82-ci dəqiqədə meydandan kənarlaşdırılan “Sumqayıt”ın üzvü Vurğun Hüseynovla bağlı da eyni qərar verilib. Turun ən ağır cəzası isə Ağdam təmsilçisinə tətbiq olunub. Azarkeşləri tərəfindən pirotexniki vasitə yandırıldığı üçün klub 1000 manat cərimə olunub.

Qaynar.info