İdman 23:16 18.08.2019

Aftandil Hacıyev: "Cibimdəki pulun nə qədər olduğunu dəqiq deyə bilərəm"

"Hər zaman ilk tur həyəcanlı olur. Bu dəfə də hər iki komandada hiss olunurdu".

Qaynarinfo xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının I turunda evdə "Zirə"yə  1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssisin sözlərinə görə, hər iki komanda layiqli futbol nümayiş etdirib: "Meydanda gözlədiyimizdən də güclü "Zirə" gördük. Futbolçularımıza əzmkarlığa görə təşəkkür edirəm. Problemlərimiz haqda çox danışmayacağam, hər kəsə məlumdu. Matça yaxşı başlasaq da, sonradan nəzarəti rəqibə verdik. İkinci hissədə vəziyyəti dəyişdik. Bizim oxşar cəhətimiz odur ki, hər iki komanda yenilənib. Bunun nə dərəcədə faydalı olub-olmayacağını görəcəyik. İki legionerimizin getməsi gözlənilməz oldu. Ancaq buna görə məyus deyilik. Yerli gənclərimiz də var. Bu gün Turan Manafovu oynadı, yaxşı təsir bağışladı". 

Hacıyev "Səbail"in maliyyə problemi ilə üzləşməsi yönündə çıxan xəbərlər nə dərəcədə doğrudur" sualına isə belə cavab verib: "Mən ancaq cibimdəki pulun nə qədər olduğunu dəqiq deyə bilərəm. Bu suala rəhbərlik cavab verə bilər".