Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.
Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, həyata keçirilmiş tədbirlər sayəsində yanğının əraziyə bitişik yerləşən evlərə, o cümlədən çoxmərtəbəli yaşayış binasına, habelə geniş sahəyə yayılaraq digər obyektlərə keçməsinə imkan verilməyib.
00.07
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən gül mağazasında (Ağ Çiçəyim) güclü yanğın başlayıb.
Qaynarinfo xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.
Yanğın səbəbindən metronun "28 May" stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Bu barədə NİİM-dən bildirilib.
Sürücülərdən alternativ yol olaraq Səməd Vurğun və Ceyhun Hacıbəyli kücələrindən istifadə etmələri tövsiyə olunur.
Şərhlər