Agentlik:

Agentlik: "İstehlakçılar dəm qazını müəyyən edən detektor quraşdırmalıdırlar"

Hələ payız-qış mövsümü başlamamış mətbuatda dəm qazından ölüm halları ilə bağlı məlumatlar artmağa başlayıb. Belə ki, oktyabr ayının 30-da  Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi. Daha sonra Suraxanı rayonunda 57 yaşlı kişinin həyatına dəm qazı son qoydu. 

Noyabrın 5-də Gəncədə 2 nəfərin dəm qazından zəhərlənməsi, noyabr ayının 6-da İmişli rayonunda15 yaşlı oğlan dəm qazından ölməsi də bu faktlara əlavə olunsa, statistikanın getdikcə artacağı qaçılmaz olacaq. 

Bəs, dəm qazından ölüm hallarına qarşı profilaktik tədbirlərin görülməsi hansı qurumun səlahiyyətindədir? Yeni yaradılan  Enerji Məsələləri Tənzimləmə Agentliyi bu istiqamətdə nə kimi iş aparır? 

"Yeni Müsavat”ın bu quruma göndərdiyi sorğuya verilən cavabda bildirilir ki, qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə istehlakçılar məsuliyyət daşıyırlar: "Qaz təchizatı sahəsində payız qış mövsümünə hazırlıq işlərinin aparılması ilə bağlı  bildirmək istərdik ki, Energetika Nazirliyi və Enerji Məsələləri Tənzimləmə Agentliyi tərəfindən "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı ilə verilmiş tapşırığa uyğun olaraq xarici ekspertlərin iştirakı ilə "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydası”nın layihəsi hazırlanmışdır. Hazırda həmin layihənin də aidiyyəti dövlət qurumları ilə razılaşdırılması həyata keçirilir. Dəm qazından zəhərlənmə halları ilə əlaqədar bildirmək istərdik ki, "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 7-ci hissəsinə və "Qazdan istifadə Qaydaları”nın 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar”.
 
Agentlik həmçinin istehlakçılara evlərində dəm qazı ilə bağlı detektor quraşdırmağı tövsiyə edir: "Adıçəkilən qanunun 3-cü maddəsinin 8-ci hissəsinə əsasən istehlakçılar tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalıdırlar. Həmçinin, "Qazdan istifadə Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən yalnız xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə bağlanılmış müqavilə əsasında yaşayış sahəsində qaz qurğularının təmirini və onlara texniki xidmət göstərilməsini həyata keçirmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıdıqlarına görə qaz qurğularının vaxtlı-vaxtında təmirini və onlara texniki xidmət göstərilməsini təmin etməlidirlər”.

Məlumatda o da bildirilib ki, qaz qurğularına texniki xidmət göstərilməsi ilə bağlı qanun layihəsi hazırlanıb: "Eyni zamanda bildiririk ki, bu sahədə nəzarət işlərinin təkmilləşdirilməsi məqsədilə Energetika Nazirliyi və Agentlik tərəfindən qaz qurğularına texniki xidmət göstərilməsi sahəsində bir sıra ölkələrin təcrübəsi öyrənilmiş və qaz qurğularına qaz paylayıcısı və ya podratçı tərəfindən texniki xidmət göstərilməsini nəzərdə tutan "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanıb. Hazırda həmin layihənin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması həyata keçirilir”. 
XƏBƏRLƏR
BLOGLAR