Ölkə 13:42 27.01.2020

Agentlik “Torqovı”dakı restoranı nəzarətə götürdü

Təxminən 1 ay əvvəl - 25 dekabr 2029-cu ildə Modern.az saytında "Torqovı”da 60 manatlıq çaya görə qapıdan qovulan müştərilər-FOTOLAR” başlıqlı yazı yəqin ki, xatirinzidədir.

Yazıda dekabrın 23-də həmkar dostlarla birlikdə "Torqovı”da yerləşən "Dafne by Dalida” restoranın girişindəki əməkdaşa "Sizdə sadə çay verilirmi” sualı ilə başlayan dialoq və nəhayətdə "mədəni” surətdə bizə göstərilən qapıdan bəhs edilirdi.

Biz də eləmədik tənbəllik, vətəndaş mövqeyimizi ortaya qoyduq. Bir çox rəsmi qurumların "Qaynar xətt”inə müraciətdən sonra bizi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional bölməsinə yönləndirdilər.

AQTA-nın Bakı Regional bölməsinin rəisi Zaur Kərimov tərəfindən aldığımız rəsmi cavabdan narazılığımızda, israrımızda haqlı olduğumuz aydın görünür.

Rəis tərəfindən Modern.az-a daxil olan rəsmi məlumatda məsələnin nəzarətə götürüldüyü bildirilib.

Qeyd edilib ki, "Dafne by Dalida” obyektində satışda olan qida məhsullarının və göstərilən xidmətlər üçün qiymət cədvəllərinin (menyuların) düzgün tərtib olunmaması müəyyən edilib:

"İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə əsasən qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə məsuliyyət daşınır.

Qeyd olunanları nəzərə alaraq, göstərilən ünvanda qanun pozuntusunun qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi üçün aidiyyatı üzrə Azərbaycan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə məlumat verilib”.