Siyasət 17:02 19.05.2018

Aİ və Azərbaycan arasında yeni saziş nə vaxt imzalanacaq?

Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni hərtərəfli sazişin 2019-cu ildə imzalanmaya hazır olacaq.

Qaynarinfo xəbər verir ki, bu sözləri EURACTIV-ə müsahibəsində Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.

Cavanşir Feyziyev bildirib ki, Avropa İttifaqı və Azərbaycan arasında yeni ikitərəfli saziş ticarət və investisiyalar, insan haqları, təhsil, ətraf mühitin mühafizəsi sahələrində, o cümlədən energetika və nəqliyyat sektorlarında əməkdaşlıq daxil olmaqla, münasibətlərin siyasi, iqtisadi, sosial və mədəni aspektlərini əhatə etməlidir:

"Yeni saziş üzrə danışıqların iştirakçıları bizi müzakirələrin cari vəziyyəti haqqında məlumatlandırmaq məqsədilə Parlament Əməkdaşlıq Komitəsinin hər bir iclasına qatılır. Vaxt məhdudiyyəti yoxdur, lakin müzakirəçilər prosesin sürətləndirilməsi üçün həqiqətən də bütün səyləri göstərirlər. Biz tərəflərin bu ilin sonunadək danışıqları başa çatdıracağını və yeni sazişin 2019-cu ilin birinci yarısında imzalanmaya hazır olacağını gözləyirik".