Siyasət 18:44 01.06.2013

Akif Nağı yenidən QAT sədri seçilib


İyunun 1-də Qarabağ Azadlıq Təşkilatının (QAT) qurultayı keçirilib. QAT sədri Akif Nağı hesabat məruzəsində deyib ki, qurum Azərbaycan torpaqlarının işğaldan azad olunmasını qarşısına məqsəd qoyub.

O, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların əhəmiyyətsiz olduğunu qeyd edib: “Xalq diplomatiyasının geniş vüsət almasına imkan verməməklə ermənilərin yalançı sülh danışıqlarının qarşısını almağa çalışdıq. Ermənilərin Azərbaycana davamlı səfərlərinin qarşısı alındı. On il əvvəl biz müharibə bəyanatları verəndə bizi qınayırdılar. İndi isə artıq dövlət rəsmlərindən də belə açıqlamaların sayı artıb.

QAT-ın növbəti vəzifəsi cəmiyyətin müharibəyə stimullaşdırılması və səfərbər edilməsi barədə təbliğat aparmaqdır. Digər vəzifəmiz isə saxta danışıqlar prosesinin dayandırılmasına nail olmaqdır. Milli barış birlikdən keçir. Bunun üçün isə müharibə qaçılmazdır. Hər şeyimiz var: ordu, silah, pul... Bəs nə üçün müharibəyə başlamırıq? Qarabağsız Azərbaycan olmayacaq. Ya Qarabağ, ya ölüm!”

APA xəbər verir ki, Akif Nağı növbəti müddətə QAT sədri seçilib. // APA