Ölkə 18:59 10.06.2013

Ali məktəblərin özəlləşdirilməsi təklif olundu (VİDEO)

Təhsil ocaqları isə dövlət hesabına təhsil alan tələbələrin sayının artırılmasında maraqlıdır

Dövlət büdcəsinin yükünün azaldılması üçün ali məktəblərin özəlləşdirilməsi, ödənişli təhsilin genişləndirilməsi təklif olunur. 

Parlamentin Elm və Təhsil Komitəsinin üzvü Musa Qasımlı deyir ki, əgər bir sıra universitetlər özəlləşdirilsə, dövlət büdcəsinin yükü azalar, bununla həm də təhsildə keyfiyyət artar: “Onsuz da əhalinin müəyyən təbəqəsi məcburi köçkün ailələri, şəhid övladları valideynlərini itirmiş şəxslər qanunla təhsil hüququndan azad olunub. Odur ki, ödənişli təhsilin artırılması sosial narazılığa gətirib çıxarmayacaq”. 

TQDK-nin məlumatına görə, ötən il ali təhsil müəssisələrində tələbə yeri 34 min olub, 11 mini dövlət sifarişli yerlərdir, boş qalan yerləri nəzərə alsaq, pullu təhsil alanların ümumi sayı 21 minə yaxındır. 

Texniki Universitetin rektoru Havar Məmmədov deyir ki, 3-4 il əvvəl ödənişli təhsil alan tələbələrlə dövlət hesabına oxuyanların sayı təxminən yarıbayarı idi. Son illər isə ödənişsiz təhsil yerləri azaldılıb. Amma rektor deyir ki, ali məktəblər dövlət hesabına təhsil alan tələbələrin sayının artırılmasında maraqlıdır, nəinki ödənişli təhsilin tətbiqinin genişləndirilməsində.

Qeyd edək ki, ali təhsilin ödənişli olması kimi təkliflər hələlik elm haqqında qanun layihəsində nəzərdə tutulmayıb./ans.tv/