Lalə Niftalıyeva

Dil bədəninin və yaddaş itkisinin ən "inadkar” orqanıdır. Bu isə alkoqol təsirinin əsas əlamətləridir. Tez-tez spirtli içkilər qəbul edən insanlar koordinasiya, balans pozğunluğu ilə üzləşir. Alkoqolun beyinə digər təsiri ondan ibarətdir ki, o, əzələ toxumasına təkan verən neyro maddələrin səviyyəsini dəyişir.

Neyro maddələr stimul, emosiya və davranışına görə cavab verir. Onlar beyində elektrik aktivliyi qaldıra və ya ləngidə bilər.

Ən mühüm neyro mediatorlardan biri də qamma aminobutirik turşusudur. Alkoqol onun effektini gücləndirir, bununla da sərxoş adamın söhbət və hərəkətləri ləng gedir.

Hər şey sürətlə fırlanır, göz qapaqlarını açıq saxlamaq üçün mübarizə aparırsan. Yanında artıq bir müddətdir tanıdığın adam var. Tanıyırsan… Amma indi onun sənin yanında nə işi olduğundan xəbərin yoxdur. Kimdir axı bu? 

Tanış küçənin tininə birlikdə dönürsünüz və artıq sən təksən (amma o yanındadır). Yenə yadına düşdü. İçindən gələn bütün sevgini bildiyin ən ağır söyüşlərə onun qaldığı evə doğru tüpürürsən. Elə bilirdin keçib?

Hara keçir... Gərək, zibilini çıxarardın axı. Bəlkə də çıxarmısan. Keçmir demək. Bəzi adamlar istedadlı doğulur. Hər dəfə alkoqol mədə və nazik bağırsağa düşdükdən sonra bütün bədən boyu üzrə qan dövranı edir. Bu dövrədən sonra istedadın üzə çıxır. Sonda qalan istedadlı söyüşlər olur.
 
- Arxadan gələn kimdir? Niyə sənin söyüşlərin onun boğazında qalır? 
- İstedadsız və bədbəxtin biridir.
- Sənin yanında nə işi var?

Maraqlı sualdır. Onun yanında nə işim var? Ya istedadlı doğulursan, ya da bacarıqlı. Mən də bacarıqlıyam. Amma onun sözü olmasın, bədbəxtəm həm də. Bədbəxt olduğumu həmişə bilmirəm. Arada olur. Belə məqamlarda. O söyəndə, onu söyəndə... Mən belə vaxtlarda kimi söyəcəyimi bilmirəm. Amma o bilir. Həm də çox yaxşı bilir. Gərək alkoqolun əsas hissəsi ciyərini dağıtmağa başladığı vaxt kimi söyəcəyini biləsən.
 
- Niyə onu söymürsən?
- …

Dedim axı mən bədbəxtəm. Yaxşı ki, bədbəxt olduğumdan xəbərim bir anlıq olur. Yoxsa, gəl yaşa, görüm necə yaşayırsan? Qısqanmaq? Yox, niyə qısqanım? Söymək istedaddır. Mən də istedadlı insanlara qarşı həssasam. Çünki bacarıqlıyam...