Foto 14:50 14.05.2018

“Almafobiya”nın təqdimatı və ya vermədiyin sualların cavabları... (FOTOLAR)

"Sözlər bir-birini başa düşməyə ancaq mane olur”. Antuan dö Sənt-Eqzüperinin "Balaca Şəhzadə”si deyib bunu. 

Əgər şeirin sözlərdən təşkil olunduğunu düşünsəm, gərək bu yazını elə buradaca bitirəm. Amma elə düşünmürəm. Ona görə yox ki, Elvin haqqında yazmaq istəyirəm, ona görə ki şeirə "söz birləşməsi” kimi yanaşsam... 

Nə isə ki "Balaca Şəhzadə”ni xatırlamağımın səbəbi başqadır. "Almafobiya” kitabının təqdimatından sonra Elvin Paşanın ilk çap olunan "Qara qutu” kitabını da aldım. Amma kitabdan "Qutu”nun yox, "Şəhzadə”nin əlfəcini çıxdı. Fikirləşdim, bəlkə, bu qutu elə Şəhzadənin həmin o quzu olan qutusudur. Sonra yadıma düşdü ki, TQDK imtahanında da sadə variantları qoyub, mürəkkəb məntiq axtardığım üçün 436 bal yığmışdım. 

Nə isə mövzudan çox uzaqlaşdım. Sizə təqdimatdan danışacağam. Heç bir şəxsi tanışlığım olmayan Elvin Paşanın təqdimatına dəvət aldım. Çağrılan yerə ar etməyib getdim. Qarışıqlıq, səs-küy... Yerdə almalar, masada almalar, tribunada almalar. Özü də o balaca, ağız büzən almalar olur e, onlardan...
 


Təqdimat başladı. Tədbiri Rəşad Nağı Mustafa aparırdı. Yaxşı yumor hissi olan şair, həm də "Almafobiya”nın redaktoru imiş. "Almafobiya” bugünki təqdimat kitabının adıdır. Bilmirəm, olub ya yox, amma Rəşaddan yaxşı "starosta” çıxardı. Əgər "surpriz” sözünə "supriz” deməsəydi... 

Keçək göy köynəkli, saqqallı, duruşu nədənsə "Nəsimi” filmini xatırladan Elvin Paşaya... Masada su qoyulmuşdu. Bir şüşənin içində yarım stəkan qədər su qalmasına baxmayaraq, Elvin su süzmək üçün təzə şüşə açdı. Niyə bu mənim diqqətimi bu qədər çəkdi, onu ifadə edə bilməyəcəyəm. Diqqətlə müşahidə edirdim. 2-ci dəfə yenə eyni şeyi etdi. Bunu xarakterə bağlayaraq onun haqqında beynimdə təsəvvür yaratdım. Gün boyu da yanılmadığımı gördüm. 

Bunu isə mütləq qeyd etməliyəm ki, uzun zamandır belə fərqli və maraqlı təqdimat görmürdüm. Xəzər Süleymanlının qiraəti ilə başlayan təqdimatda bu günün bütün gənc şair "kruqu” orada idi. "Sevgi falan yoxdu” oxuyan Modern qrupu da insana elə təsir edirdi ki, əslində həyatın mənası olan sevginin mahnını doğrulamaq üçün olmaması istəyi yaranırdı. Ənənəvi təqdimat çıxışları oldu. Arada mənə elə gəlirdi ki, Elvin orada deyil. Hərdən yad baxışlarla ətrafa elə baxırdı ki, elə bil tanımadığı bir qohumunun təqdimatında məcbur oturub. Hərdən başını deyilən hansısa fikrə təsdiq olaraq sallayırdı. O an içimdən ayağa qaldırıb "axrıncı cümləsi nəydi?” soruşmaq gəlirdi. Əmin idim ki, ən azı o son cümlənin nə olduğunu eşitməyib. Ümumiyyətlə, təbiətimi belədi, yoxsa bar verdiyi üçün başınımı aşağı salırdı, bilmirəm, amma şairdə qəribə bir hüzün və sükut var idi. Bu qədər çıxışın içində Elvini içdən güldürən isə hərraca çıxarılan ilk kitabının 300 manata satılmağı yox, Sərdar Aminin Hafiz Şirazidən dediyi beyt oldu. Yadımda qalmayan beytin necə olduğunu Xəzərdən soruşdum ki, sizi də "güldürüm”. Amma aldığım cavab belə oldu: "Onsuz da fars dilində olan o beyti heç kim tam olaraq düz deyə bilməyəcək”. Bilməyəcək, bilməyəcək də. Bir onu deyə bilərəm ki, beytin mənası belə idi. Ya da yox, deyə bilmərəm. Çünki tam xatırlamıram... 
 


Təqdimatda yadda qalan çıxışlardan biri də hər mənada tam olaraq böyüklər kimi danışan, böyük Səlim Babullaoğlunun çıxışı oldu. Ona münasibətimi isə böyüyəndə bildirəcəyəm.

Keçək kitaba... Uzun müddətdir dinlə bağlı beynimdə yaranan paradoksların cavabını "Almafobiya”da tapdım. Yox, kitabda dini mövzuda heç nə yazılmayıb. Sadəcə şeirləri oxuduqca şairin az qala hər sətirdə Allaha olan güclü inamını duymamaq mümkünsüzdür. O enerji, o inam insana yaratdığı sakitliklə bir sıra cavablar verir. Vermədiyin sualların belə cavablarını...

Sonda isə şairin özünün çıxışı oldu. Birlikdə "Adyal oğurladığı”, əmanətini - nişan üzüyünü ehtiyac üçün satan Elvin Paşanın bu günü həsr etdiyi nənəsinə rəhmət diləyib, şairin ikinci kitabı "Almafobiya”nın xeyirli olacağına inanaraq uğurlar arzu edirik. 

Nərmin Həsənli