Ölkə 15:06 17.05.2013

Almaniyanın Azərbaycandakı səfirliyi mükafatlandırılır

Bakıda xalqlararası dialoq mövzusunda konfrans keçiriləcək

Azərbaycan Avropa Hərəkatı 20 may 2013-cü ildə, saat 15:00-da “Xalqlararası dialoq” mövzusunda panel təşkil edir. Hərəkatın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, “Dalğa Plaza”da təşkil olunacaq panelin əsas məqsədi Azərbaycan dövlətinin xalqlararası dialoq prosesində daha aktiv iştirakına nail olmaq və Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərini bu prosesə cəlb etməkdir. 

Panel müzakirələrində Avropa İttifaqının Azərbaycan nümayəndəliyin Siyasi, İqtisadi və İnformasiya bölməsinin rəhbəri cənab Toralf Pilz, ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri xanım Viktoria Sloan, Almaniyanın Azərbaycandakı səfirliyinin işlər vəkili Cənab Volfgang Mössinger və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşımövzu ətrafında panelçi qismində çıxış edəcəklər.

Panel müzakirələrindən sonra panelçilər iştirakçıların suallarını cavablandıracaqlar. Tədbirdə iştirak sərbəstdir və maraqlı olan hər kəs qatıla bilər.

Tədbirdən öncə Azərbaycan Avropa Hərəkatının apardığı monitorinqin nəticəsi olaraq 2012-ci ildə Azərbaycanda vətəndaş cəmiyyəti ilə əməkdaşlığı, ümumbəşəri dəyərlərin təbliği və xalqlararası dialoqa verdiyi töfhəyə görə, Almaniyanın Azərbaycandakı səfirliyi “Səfirlik 2012” mükafatı ilə təltif olunacaq.

Qeyd edək ki, tədbirin işçi dili ingilis dili olacaq. 

Tədbirə media dəvətlidir.

Qaynar.info