Ölkə 10:47 15.11.2013

Altay Göyüşov BDU-ya qaytarıldı

Bakı Dövlət Universitetinin türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti Altay Göyüşov yenidən dərsə çağırılıb. 

Məlumatı “Media forum”a noyabrın 14-də Altay Göyüşov özü verib. Alim bildirib ki, kafedra müdiri zəng vurub, onu dərsə çağırıb. Noyabrın 12-də Altay Göyüşov Bakı Dövlət Universitetinin rəhbərliyinin ondan öz ərizəsi ilə işdən çıxmağı tələb etdiyini açıqlayıb. Bildirib ki, bunun ardınca onu dərs gedə-gedə auditoriyadan çıxarıblar.

Alim qeyd edib ki, işdən çıxarılmasının səbəbi “Facebook”dakı fəallığıdır. BDU-nun rektoru Abel Məhərrəmov isə jurnalistlərə açıqlamasında Altay Göyüşova işinə səhlənkar yanaşması səbəbindən xəbərdarlıq olunduğunu bildirib. Deyib ki, onun bir müəllim kimi fəaliyyəti bundan sonra araşdırılacaq və konkret qərar veriləcək.

Noyabrın 13-də Altay Göyüşovun tələbələri baş verənlərə etiraz olaraq dərsə girməkdən imtina ediblər. Altay Göyüşov 1965-ci ildə Bakıda anadan olub. Mərhum arxeoloq Rəşid Göyüşovun oğludur.

Sosial-siyasi islam, islam təhsili problemləri ilə bağlı tədqiqatlar aparan alim müxalif REAL hərəkatının öncüllərindən biridir.

Qaynar.info