Ekonomiks 14:59 04.09.2013

“Altes Qrup”un binalarına həbs qoyuldu

Bir neçə ay əvvəl Bakı Apelyasiya Məhkəməsi “Altes Group”  holdinqin  paytaxtın İsmayıl Qutqaşınlı küçəsi 507-511 (“ALTES PLAZA” yaşayış kompleksi), Bəsti Bağırova küçəsi 592 (“EMERALD PALACE” yaşayış kompleksi), Həsənbəy Zərdabi küçəsi 569 (“ACADEMY HOUSE” yaşayış kompleksi) ünvanları üzrə yeni tikilən çoxmərtəbəli binalarda yaşayış evlərinin alqı-satqısına qadağa qoyulması haqqında Binəqədi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. 

Tanınmış tikinti şirkətində şəriklər arasında yaranan pul mübahisəsi cinayətlə nəticələndi. 

Qaynar.info gunteleqraf.az-a istinadən xəbər verir ki, məhkəmənin qətnaməsinə əsasən, həmin evlərin inşaatçıları, “Nur-İnşaat” MMC və “Fərid-İnşaat” MMC şirkətləri, məcburi surətdə orada yaşayış evlərinin satışını dayandırmalıdır. Yaşayış mənzillərinə həbsin qoyulmasına səbəb “Altes Group”un təsisçiləri arasında fikir ayrılıqları olub. 

Belə ki, şirkət səhmlərinin 22 faizinin sahibləri səhmdarlar heyətindən çıxmaq haqqında qərar qəbul ediblər və onların payına düşən vəsaiti təbii formada almaq istədiklərini bildiriblər. “Altes Group”un bir sıra başqa təsisçilərinin bu niyyətə mane olmağa başladığını nəzərə alaraq, həmin məsələ baxılması üçün məhkəməyə verilib.

2012-ci ilin oktyabrında altı aylıq məhkəmə təhqiqatından sonra Binəqədi rayon Məhkəməsi “ALTES PLAZA”da, “EMERALD PALACE”də və “ACADEMY HOUSE”da mənzillərin satışına həbs qoyub, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyası və Ali Məhkəmə isə göstərilən binalarda yaşayış evlərinin satışına qoyulan qadağanı qüvvədə saxlayıb. Hazırda “Fərid-İnşaat” MMC və “Nur-İnşaat” MMC nümayəndələri həmin yaşayış binalarında mənzillərin satışının dayandırılmasını öz öhdələrinə götürüblər.

Bundan başqa, bu günlərdə Nəsimi rayon Məhkəməsi “Altes Group” holdinqin tərkibində olan “Lider EN” MTK-nin fəaliyyəti ilə əlaqədar qərar qəbul edib. Məhkəmə qərarına əsasən, “Lider EN” MTK-nin payçılarından olan Rüstəm Abdullayevə və digər şəxslərə MTK-da qərar qəbul etmək, göstəriş vermək, hər hansı bir hərəkət etmək qadağan edilib. 

“Lider EN” MTK-a Bakının C. Məmmədquluzadə küçəsi 998 ünvanında “Altes Park” yaşayış kompleksini hazırda inşa edir. Şirkətin 40 faiz payçısı Nazim Quliyevin sözlərinə görə, binanın dövlət strukturlarına təhvil verməsi mövzusunda payçılar arasında ciddi fikir ayrılığı yaranıb. Bu məsələnin artıq iki il ərzində öz həllini tapmadığını görən N. Quliyev məhkəməyə müraciət etmək qərarına gəlib: “Məhkəmə araşdırması zamanı “Lider EN” şirkətinin saxta möhürün mövcud olduğunu aşkar edən hakim məhkəməyə təqdim edilən alqı-satqı müqaviləsini etibarsız elan etdi və MTK -nın digər payçısı olan Rüstəm Abdullayevin “Lider EN”-lə bağlı bütün hərəkətlərinə qadağa qoydu”.

“Altes Group”un daha bir payçısı Fətəli Novruzəliyev isə bildirib ki, holdingin “Altes Plaza”, “Emerald Palace” və “Akademy House” yaşayış komplekslərindəki mənzillərinə məhkəmə həbs qoyub. 

Tikinti komplekslərinin mənzillərinə həbslərin qoyulması şirkətdə payçılar arasında mübahisə ilə nəticələnib. F.Novruzəliyev bildirib ki, 2012 -ci ilin aprelində ona iki nəfər tanımadığı şəxs hücum edərək bədən xəsarətləri yetiriblər. F.Novruzəliyevin döyülməsi ilə bağlı cinayət işi Nərimanov rayon Məhkəməsinə göndərilsə də, hakim Sənan Hacıyev xuliqanlıqda ittiham olunan şəxsin işində yeni faktların üzə çıxmasını nəzərə alaraq cinayət işini yenidən istintaqa qaytarıb. İttihama görə, Elməddin Məhərrəmovla Emin Məmmədov Nərimanov rayonu Xoyski prospekti 106 ünvanının qarşısında Fətəli Novruzəliyevi və onun əmisi oğlunu döyüblər.

F.Novruzəliyevə qarşı xuliqanlıq edənlərdən Elməddin Məhərrəmov isti izlərlə yaxalansa da, Emin Məmmədovun yerini müəyyən etmək mümkün olmayıb. Hadisədən 1 il sonra Ukraynada yaxalanan Emin Məmmədov istintaqa döydüyü adamı tanımadığını bildirib. 

Məhkəmə araşdırması zamanı tikinti şirkətindən payını almağa gələn F.Novruzəliyevi şəriklərinin döydüyü ehtimalı yaranıb. Məhkəməyə təqdim olunan SMS yazışmalarından Elməddin Məhərrəmovla Emin Məmmədovun zərərçəkənin şəriki Rüstəm Abdullayevlə tanış olmaları bəlli olub. 

F.Novruzəliyevə hədə-qorxu gəlməyi R.Abdullayev qaynı Asim İskəndərova tapşırıb. A.İskəndərov isə onun döyülməsini Elməddinlə Eminə sifariş verib. Aşkar olunan bu faktı nəzərə alan məhkəmə Emin Məmmədovun ittiham olunduğu xuliqanlıq maddəsi ilə razılaşmayıb. Onun əməlinin düzgün qiymətləndirilməməsi qənaətinə gələn hakim işi yenidən istintaqa qaytarıb. Emin Məmmədovun cinayət işi Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində aparılır. 

Qeyd edək ki, cinayətdə adı hallanan Elməddin Məhərrəmov xuliqanlıq və sağlamlığa az ağır zərərvurma ittihamı ilə bir il əvvəl mühakimə olunub. Onun aylıq qazancının 20 faizi tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.  

Qaynar.info