Amansız işgəncə verilən uşaqlarla bağlı Dövlət qurumundan münasibət: “Dünən bilmişik ki...”

Amansız işgəncə verilən uşaqlarla bağlı Dövlət qurumundan münasibət: “Dünən bilmişik ki...”

"Ümumiyyətlə, Ağcabədi rayonunda baş vermiş faktla bağlı monitorinq komissiyaları vasitəsilə araşdırma aparılır".  

Bu sözləri Qaynarinfo-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elgün Səfərov Ağcabədi rayon sakini Xəqani Kazımov və ikinci həyat yoldaşı Nuranə Kazımovanın azyaşlı övladlarına müxtəlif işgəncələr verməsi faktına münasibət bildirərkən deyib. 

Qurum rəsmisinin verdiyi məlumata görə, yerli İcra Hakimiyyəti nəzdində Monitorinq komissiyası fəaliyyət göstərir və orada bütün dövlət qurumlarının nümayəndələri koordinasiya fəaliyyəti üçün birləşir:

"Hazırda bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Dövlət Komitəsi tərəfindən araşdırmanın aparılması üçün təşəbbüs qaldırılıb. Valideyn himayəsindən məhrum etmə, valideyn hüquqlarının məhrum etmə və məhdudlaşdırılmasıyla, eyni zamanda, zorakılıq törədən şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsiylə bağlı məsələ qaldırılıb. 

Gözləyirik ki, araşdırmanın nəticəsi bitsin və bizə dəqiq faktlar bildirsinlər. Çox təəssüf olsun ki, bu, dəfələrlə baş verən faktdır, həftələrlə baş verib, ancaq bizə hadisə ilə bağlı dünən müraciət edilib". 
 


Elgün Səfərov bu cür halların aradan qaldırılması üçün dövlət qaynar xəttinin yaradılmasının vacib olduğunu qeyd edib: 

"Dediyim qaynar xətt 7/24 fəaliyyət göstərməli, tərkibində psixoloqlar, hüquqşünaslar, sosial işçilər işləməlidir. Bu xidmət bütün respublikanı əhatə etməlidir ki, koordinasiyanın fəaliyyətini daha da gücləndirsin. Eyni zamanda dövlət sığınacaqlarının yaradılması çox vacibdir. Təəssüflər olsun ki, hazırda ölkədə nə ümumrespublika qaynar xətti var, nə də ki, sığınacaq mərkəzləri. Ancaq çıxış yolları deyərkən, bizim mənbəyə getməyimiz, problemin nədən ibarət olmasını öyrənməyimiz nəzərdə tutulur. 

Valideynlər, bəzi insanlar fikirləşir ki, uşağa qarşı zorakılıq olar və buna yol verilir. Bunlar beyində olan stereotiplərdir. Ailədə toqquşmalar, hansısa münaqişələr baş verəndə ən çox ziyan çəkən uşaqlar olur. Onlar ən həssas kateqoriyaya aiddirlər. Dövlət tərəfindən qəbul edilən qərarda da, dediyimiz kimi, uşaqları müdafiə etmək üçün bu fakt təsdiqini tapanda məsuliyyətə cəlb edilmə də aktuallaşdırılmalıdır. Nəinki valideyn hüquqlarının məhdudlaşdırılmalı, eyni zamanda inzibati və cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bunu valideynin, qohumun, ailə üzvünün və ya kənar şəxsin törətməsinin fərqi yoxdur. Hətta bunu qohum və ya münasibəti olan adam törədəndə məsuliyyət daha da artırılmalıdır. Ona görə ki, bu, sonradan uşağın psixologiyasında travmaya çevrilir və onun həm psixoloji, həm fiziki inkişafına mənfi təsir edir".
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da özünün "Facebook"  səhifəsində bununla bağlı məlumat paylaşıb. Prokurorluq rəsmisi bildirib ki, qadının ögey övladlarına işgəncə verməsi ilə bağlı məsələ prokurorluq tərəfindən araşdırılır.

Məlumatda qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə əlaqədar yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb. Baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Qeyd edək ki, Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Nuranə adlı qadınla ailə qurub. Bundan sonra Nuranə adlı qadın uşaqlara müxtəlif cür amansız işgəncələr verib. Uşaqların iddiasına görə, Nuranə adlı qadın uşaqlar ac olanda onların boğazına acı istiot töküb.

Məlumata görə, uşaqlar hazırda mərhum analarının atasının yanındadırlar. Onların atasının himayəsindən alınıb babasına verilməsi üçün Sabunçu rayon məhkəməsinə müraciət edilib.

Röya Kərimli
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR