Ölkə 19:33 14.03.2018

AMEA-da kadr dəyişiklikləri edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir neçə institutunda struktur və kadr dəyişiklikləri baş verib.

Qaynarinfo xəbər verir ki, AMEA Rəyasət Heyətinin növbəti iclasında bu barədə qərar qəbul edilib.

Müvafiq qərarla AMEA Məhəmməd Füzuli adına Əlyazmalar, Genetik Ehtiyatlar, Geologiya və Geofizika institutlarının strukturunda qismən dəyişiklik edilib.

Digər qərarla AMEA-nın Elm Tarixi İnstitutunun İnformasiya və tərcümə şöbəsi yaradılıb.

İclasda kadr məsələlərinə də baxılıb. Biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Oruc Əliyev AMEA-nın Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasov isə həmin institutun elmi katibi vəzifəsinə təyin ediliblər.