Ekonomiks 16:09 01.11.2014

Amerika dollar çapından imtina etdi

ABŞ-ın Federal Ehtiyat Sistemi çərşənbə günü iqtisadiyyatı stimullaşdırıma proqramını dayandırmaq barədə qərar verib. FES faiz dərəcələrini rekord həddə aşağı səviyyədə - illik 0-0,25 faiz saxlayıb.

FES öz proqramını bu ilin payızında dayandıracağı planını hələ ötən ilin yayında elan etməklə birjaları panikaya salmışdı. Lakin son aylarda şirkətlər proqramın başa çatması faktı ilə barışmışdı.

FES-in belə bir addım atmasına ABŞ-ın bir sıra iqtisadi göstəriciləri əsas verib. Ilk növbədə Birləşmiş Ştatlarda məşğulluğun artması müşahidə edilir. Bundan başqa, inflyasiya riski də azalıb. Həmçinin, ABŞ-da ÜDM-in real artımının 3 faiz səviyyəsinə çatacağı güman edilir.

FES-in sözügedən qərarının digər səbəbi isə qurumun maliyyə aktivlərinin kəskin artmasıdır: FES-in maliyyə aktivləri 4,5 trilyon dolları ötüb. Bu, qurumun qiymətli kağızlar alışına başladığı 2008-ci ildən bu yana balansının 6 dəfə artması deməkdir.

Bununla belə, FES-in qərarı birmənalı qarşılanmayıb. Bəzi analitiklərə görə, nizamlayıcı səhv edir. Maliyyə analitiki Barbara Kammings “The New York Times” qəzetinə deyib ki, FES həddindən artıq optimistdir: “Bazar və FES zidd siqnallar verirlər, adətən sonda məhz bazar haqlı çıxır”.

Qeyd edək ki, FES-in qərarı dolların çapını saxlamaq deməkdir. Bu isə son aylarda aparıcı valyutalara münasibətdə məzənnəsi möhkəmlənməkdə olan dolları daha da bahalaşdıracaq.

İqtisadçı-ekspert Qubad Ibadoğlu deyir ki, Amerikada valyuta ilə bağlı baş verən proseslər Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək. FES-in mövcud prosesi nəzarətdə saxladığını deyən ekspert, bundan narahatlıq keçirməyə ehtiyac olmadığını bildirir: “Birləşmiş Ştatların iqtisadiyyatı kifayət qədər güclüdür və belə texniki məsələlərdə detalların hamısı, mövcud situasiya mütləq nəzərə alınır”.

Azadliq.info