Siyasət 12:56 01.04.2018

Amerikalı diplomat: "Xarici qüvvələrin təxribatı olmasa, Qarabağda müharibə başlamaz"

"2016-cı ilin aprelində Qarabağ cəbhəsində baş verən döyüşlərindən sonra Rusiya prezidenti Vladimir Putinin konfliktin həllində vasitəçiliyi stimullaşdırıldı”.

Qaynarinfo xəbər verir ki, bunu modern.az saytına açıqlamasında ABŞ-ın Azərbaycandakı eks-səfiri, ATƏT-in Minsk Qrupunun Amerikadan olan keçmiş səfiri Metyu Brayza deyib.



Onun fikrincə, Vladimir Putin ilk olaraq cəhd etdi ki, ATƏT-in Minsk Qrupunun digər həmsədrləri olmadan təşəbbüsü ələ alsın: "Lakin sonradan digər həmsədrlər - Amerika və Fransa - bu səylərə inteqrasiya olundular. Azərbaycanın aprel döyüşlərində hərbi əməliyyatlarla öz ərazilərini geri qaytarması bir çox beynəlxalq müşahidəçini təəccübləndirdi. Və onu gösətrdi ki, Azərbaycan ordusu həqiqətən də lazımi islahatları uğurla həyata keçirib ”.

Onun sözlərinə görə, Putin Azərbaycanın əleyhinə olmayan konstruktiv təkliflər vermişdi, lakin Ermənistan bunu qəbul etməkdən boyun qaçırdı: "2016-cı ilin iyul ayında etirazçılar Yerevanda polis binasını tutub, bir neçə nəfəri girov saxladılar. Və bununla Qarabağla bağlı təkliflərə qarşı çıxdıqlarını bəyan etdilər".
 
Eks-səfir Azərbaycan və Ermənistanın silah alması fonunda, ABŞ Milli Kəşfiyyat İdarəsinin 2018-ci ildə Qarabağda genişmiqyaslı əməliyyatların başlayacağı proqnozuna da münasibətini açıqlayıb: "Bəli, Azərbaycan və Ermənistan silah alır. Lakin təmas xəttində xarici qüvvələrin təxribatı olmasa, genişmiqyaslı əməliyyatlar başlamaz. Genişmiqyaslı əməliyyatların riski böyükdür. Çünki bu, yüksək siyasi, hərbi xərclər tələb edir. Üstəgəl, genişmiqyaslı əməliyyatların müvəffəqiyyətli olması ehtimalı aşağıdır".