ABŞ-ın "Millennium Challenge Corporation” fondu Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində 13 məktəbin əsaslı təmirini maliyyələşdirir.

APA-nın məlumatına əsasən, bu barədə fondun Tbilisidə keçirdiyi konfransda bildirilib.

Təşkilatın Gürcüstan üzrə nümayəndəliyinin infrastruktur layihələr üzrə direktoru Kartlos Kipiani deyib ki, bölgədə bərpa olunan məktəblərin 9-u Azərbaycan dilli məktəbdir: "Məktəblərin yenidən qurulması işlərinin cari ilin may ayında başa çatdırılacağı gözlənilir. Kvemo Kartli bölgəsində daha çox məktəbin təmirə ehtiyacı olsa da, fondun imkanları məhduddur. Təşkilat bütün Gürcüstan üzrə 90-a yaxın məktəbdə bərpa işləri həyata keçirir”.

Təmirə ehtiyacı olan məktəblərin müəyyən olunması prosesinə gəlincə, K. Kipiani qeyd edib ki, təhsil ocaqları konkret kriteriyalar əsasında seçilir: "Məktəblərin seçilməsi qaydalarında Gürcüstanda Azərbaycan və erməni dilli məktəblər üçün də kvota olub. Fondun maliyyəsi əsasında bütün məktəblər vahid standartlar əsasında bərpa olunur”.

Qeyd edək ki, ABŞ-ın "Millennium Challenge Corporation” fondu Gürcüstanda təhsil infrastruktur layihələrinin yerinə yetirilməsinə 68 milyon dollar qrant ayırıb. 2018-ci ildə fond Gürcüstanın regionlarında ictimai məktəblərin yenidən qurulması işlərini davam etdirəcək. Təşkilat cari ildə Gürcüstanın qərbində 33 ictimai məktəbin bərpasına start verəcək. Ötən il təşkilat Gürcüstanın müxtəlif regionlarında 30 ictimai məktəbin bərpasını başa çatdırıb.