Siyasət 13:24 03.08.2013

AMİP seçkilə bağlı qərarsızdır -AÇIQLAMA

Arzuxan Əlizadə: “Tanımadığımız namizədi müzakirə edə bilmərik”

“Hələki bu məsələ ilə bağlı konkret qərar yoxdur. Təbii ki, bu müzakirə mövzusudur. Yəqin ki, növbəti həftə ərzində namizədliklə bağlı qərar veriləcək”.

Bu açıqlamanı Qaynar.info-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə deyib. A.Əlizadə qeyd edib ki, AMİP boykotun tərəfdarı deyil: “Partiya olaraq heç vaxt boykotun tərəfdarı olmamışıq. Çünki siyasi partiya fəaliyyət göstərirsə, mütləq seçkidə iştirak etməlidir. Boykot tərəfdarı deyilik, sadəcə seçkidə iştirakın formaları ilə bağlı məsələ müzakirə edilib yekun qərar veriləcək”.

AMİP funksioneri bildirib ki, hansısa namizədi dəstəkləməklə bağlı partiyaya müraciət olunacaqsa, müzakirə ediləcək: “Tanımadığımız namizədi müzakirə edə bilmərik. Bilirsiniz ki, Milli Şuranın vahid namizədi ilə bağlı çox ciddi problemlər var. Biz bu problemin olduğunu hələ Milli Şura yaranmamışdan qabaq demişdik. Təəssüflər olsun ki, bizim fikirlərimiz nəzərə alınmalıdır. O vaxt Milli Şuradan bizim fikirlərimizə cavab olaraq deyildi ki, vahid namizədlə bağlı problemlər elə də ciddi deyil, tezliklə aradan qaldırıla bilər. Amma indi görünür ki, çox ciddi problem imiş. Əgər digər namizədi dəstəkləməklə bağlı partiyaya müraciət olunacaqsa, müzakirə edəcəyik. Həmçinin, bizim öz namizədimiz də ola bilər”.

İlkin
Qaynar.info