Ölkə 14:08 30.09.2017

Anam atama məni əzizləməyi qadağan etmişdi

Lalə Niftaliyeva

Ay kənddən gəlib şəhərdə yaşayan, əzizlərim, yaxın gəlin, dərdləşək. Bilirəm, sizin də evinizin bir küncündə sandıq var. Üstündə də kiril əlifbası ilə "Xoşbəxt olun" yazılıb. İçində qatı açılmamış çay dəsmalı, qətvədən tut kələğayıya kimi var. Yəqin ki, xatırlayarsınız elə bu vaxtlar olardı. Məktəbə yenicə öyrəşməyə başlayırdıq. Fındıqlar artlanıb, meyvələri də yığılıb. Siz tərəflərdə bilmirəm olur ya yox, bizim tərəflərdə "qıca" bitkisi var. Bu bitkinin iri yarpaqları olur. Meşədən yığıb gətirirdi atam. Sonra onun budaqlarını torpağın üstünə yığıb, almaları da tökürdü üstünə. Üstünü də yenə o qıca ilə basdırırdı. Yaza qədər almalar çürümədən qalırdı. İsmayıllıya payız tez gəlir, dağ havası da bulaq suyu tək buz kimi olur. Hələ yağışı demirəm, tut ucundan çıx göyə. İndi elektrik 24 saat kəsintisiz olur. 

Yadıma bilirsiniz nə düşdü? İşıqların vaxtla olması. Uşaq vaxtından "ləmpə"dən gələn ağ neftin qoxusunu sevirəm. Elə ki, payız gəlir, günlər qısalır, qaranlıq da tez düşür. Sizi bilmirəm, bizdə işıqlar saat 18:00-da ANS-də xəbərlərin başladığı vaxt sönürdü, o zamanlar. Atam da başlayırdı işığı söndürəni söyməyə. Mən də tez lampaları yandırırdım. Anam peçə bir-iki odun atıb, almayla heyvanı yığırdı peçin üstünə ki, bişsin. Heyva bişdikcə, ətri evə dolurdu. Mən bu zalım şeirləri uşaq vaxtından sevirəm axı. "Oxu" kitabımı alıb əlimə sevdiyim şeirləri başlayırdım oxumağa. Yadıma gəlir ki, bacımın ədəbiyyat kitabı var idi evdə. Kiril əlifbası ilə olan 6-cı sinif kitabı. Bilirsiniz necə möhtəşəm kitab idi. Mən Səməd Behrənginin "Balaca qara balıq" hekayəsini o kitabdan oxuyub, okeana qovuşmaq üçün cəsarət lazım olduğunu elə həmin vaxt öyrənmişdim. Hələ o kitabda bir şeir də var idi.

- Ay papa, de hamı sakit dursun, sizə şeir oxuyacam.

Atam bu vaxtlarda divanda uzanırdı. Elə ki, mən şeir oxumaq istəyirdim, qalxıb otururdu:

- Nənəm şeir oxuyacaq, hamınız sakit olun. 

- Səndən doymaq olarmı? Həyat sən nə şirinsən?! 

Ancaq hamının deyil,

Sən həyatın qədrini 

Yalnız bilənlərinsən!... 

Bəxtiyar Vahabzadə ilə elə bu kitabın vasitəsilə tanış oldum. Yəqin sizin də ananız elə bu ləmpə işığının altına qayğılı səslə: "Qış qapıdadı, bir maşın odun alsaq, bu qışı görər" deyirdi. Atanız da əllərini başının arasına alıb: "Düzələcək", deyirdi. 

İndi zövq aldığımız, şeirlər yazdığımız bu sarı yarpaqlar var e... O zaman onların romantik vəzifəsi yox idi. Mən dırmıqla darayırdım, əmim qızları da növbə ilə süpürürdü. Axşama yaxın da yandırırdıq. Qonşuların həyətindən çıxan tüstülərlə, bizim həyətin tüstüləri qovuşurdu. Hələ əmimqızları: "Lalə, yaşıl otu yandırma. Yağış yağacaq... Təzə süpürmüşük həyəti", deyirdi. Bizim külfət geniş idi. Mənim 3 yaşım olanda, əmimlə yoldaşı bir ayın içində dünyalarını dəyişdi. İki qızları da yetim qaldı. Sonra onlar anamı "bibi" deyə çağırırdı. Anam atama məni əzizləməyi qadağan etmişdi. "Qoy uşaqlar görüb, pis olmasın", deyirdi. Onlar məndən böyük idi deyə, heç yola getmirdilər mənlə. Onlar üçün dünyanın ən ağır sözü "yetim" idi. Amma mənim üçün "sənin anan, atan var da, nə vecinə". Bu cümləni elə payızda qanmışam. Deyəsən, anam mənə corab almışdı. Kiçik əmim qızı da bunu görüb ağlayırdı. Apardım ki, corabları ona verim, nifrət dolu baxışları ilə mənə baxıb: "Sənin atan, anan var" demişdi. 

Sonra sizlə mən bu qədər xatirələri, ev-eşiyimizi qoyub kəndin bir küncündə, yığışıb gəldik Bakıya. Və universitet bitdi, amma biz qayıtmadıq. Atamız dünyasını dəyişdi, biz yenə qayıtmadıq. Bax, bütün sinif yoldaşlarınız ailə qurub, amma siz burdasınız. Sonra bir gün anamız bizə yalvardı ki: "Meyvələr batıb, gedir. Gəl, yığ apar"...

Evə gedib gördük ki, payızlar dəyişməyib elə eynidi. Amma bacamızdan tüstü çıxmır. Xudaya, bu mənim təmizləyib getdiyim həyət deyil axı. Zalım kol-kos dəmir zəncir kimi həyəti bürüyüb. Bəs hanı o qıcalar? Axı almalarımız tökülüb qalıb ağacın altında. Anan da sənin üçün pay yığa-yığa birdən: "Ay bala, əlim kəsilib, fındığı artlaya bilməmişəm. Sən orda artlayarsan", dedi. Sonra mənim anam hamımıza dönüb:

- Qurban olum, qayıt evə. Evimiz dağılır. Daha gücüm yoxdu. Sənə bir söz demərəm, necə istəyirsən elə yaşa...

Gəlin, kirayə həyatımızı qoyaq burda, gedib həyətimizin kol-kosunu təmizləyək... 

Qaynarinfo.Az