Məmməd SÜLEYMANOV
Sənət 12:07 07.10.2019

Ancey Munkun “Sərnişin”i: Şərin banallığı...

Məmməd SÜLEYMANOV

Yarımçıq qalmış bədii əsərlər var. Qaşekin "Qoçaq əsgər Şveyk”i. Prustun "İtirilmiş zaman axtarışında”sı. Sent-Ekzüperinin dahiyanə "Qəsr”i...

Yarmçıq qalmış fəlsəfi kitablar var. Marksın "Kapital”ı. Paskalın "Fikirlər”i...

Yarımçıq qalmış musiqi əsərləri var. Motsartın "Rekviyem”i. Şubertin Simfoniya si minoru, Malerin 10-cu simfoniyası. Musorqsikinin "Xovanşina” operası...

Və yarımçıq qalmış filmlər var. Eyzenşteynin "Yaşasın Meksika”sı. Larisa Şepitkonun "Vidalaşma” filmi. Pazolininin "Afrikalı Orestin axtarışları haqda qeydlər”i...

Sonuncu sıraya Polşa "yeni dalğa”sının parlaq nümayəndəsi Ancey Munkun "Sərnişin” filmi də daxildir.

Munk 40 yaşında - 1961-ci ilin sentyabrında Osventsimdən (Auşvits) çəkilişdən qayıdarkən avtoqəzada həlak oldu. Onun haqqında sonralar Ancey Vayda deyəcəkdi: "Munk sağ qalsaydı, Polşa kinematoqrafı keyfiyyətcə tamamilə başqa cür olacaqdı”. 

Munk sağ qalsaydı, "Sərnişin” filmi də tamam başqa cür olacaqdı. Onun ölümündən sonra rejissor dostu Vitold Leseviç "Sərnişin”i tamamlamaq cəsarətini üzərinə götürdü və Munkun kadrlarına heç nə əlavə etmədi. Ancaq iş yarımçıqdı - hadisələrin baş verdiyi iki məkandan birində, yəni gəmidə çəkilişlərdən video yox, yalnız statik kadrlar qalmışdı. Ancaq bu, filmin dramatizmini nəinki azaltdı, onun gərginliyinə və ümidsizliyinə əlavə ton verdi.

***

Munk üçün müharibə mövzusu yad deyildi. 6 il ərzində Polşa nasistlərin itaətindəki açıq həbsxana olmuşdu. Munk uğursuz Varşava üsyanının iştirakçılarından biriydi. Cəmisi 4 bədii film çəkmişdi - 3-ü müharibədən bəhs edirdi.

"Sərnişin” də ölüm düşərgələri və insan qəddarlığı mövzusunu qabardan ilk film deyildi. Ancaq fərq vardı - burada qlobal faciə kütlələrin miqyasında yox, iki fərdin - məhbusla nəzarətçinin fərdi psixoloji qarşıdurması kimi göstərilirdi. Bu mövzuya sonralar özünün "Gecə portyesi” filmi ilə Liliana Kavani də qayıdacaqdı, ancaq Munkun fərqi yalnız filmdəki hadisələrin faktoloji materialı əks etdirməyində də yox, ilk növbədə faciəyə nəzarətçinin gözləri ilə baxmağındaydı.

Nəzarətçi isə özünübəraətə can atır. Hanna Arendt hələ "Şərin banallığı”nı yazmayıb, ancaq Munk artıq bizə şərin banallığını göstərir.
 


***

Film yazıçı Zofya Posmışın "45-ci kayutun sərnişini” povestinin əsasında çəkilib. Zofya Osventsimə düşəndə 19 yaşı vardı. 3 il orada və Ravensbyuk düşərgəsində qalır. Hazırda 96 yaşı var, sağ-salamatdır.

"Osventsim mənim gəncliyimi əlimdən aldı, əvəzində qocalığımı məzmunla doldurdu”, - Posmış 2017-ci ildəki müsahibəsində deyir. Povestin yazılması üçün təkanı isə bu cür təsvir edir: 1958-ci ildə Varşava-Paris təyyarə reysi açılanda onu Polşa radiosunun jurnalisti kimi reportaja yollayırlar. Parisdə gəzərkən tanış səs eşidir.
 
"Bu, mənim Osventsimdəki nəzarətçimin səsi idi - kəskin, xoşagəlməz. Çevrilib baxmağa qorxdum. Əgər odursa, nə edəcəm? Onu keçmiş esesçi olduğuna görə polisə təhvil verəcəm? Səs təkrarlandı. Mən çevrildim. Əlbəttə, bu, mənim nəzarətçim deyildi. Ancaq fikirlər məndən əl çəkmirdi: əgər o olsaydı, mən nə edərdim?”

Və yazmaq qərarına gəlir. Nəticədə ekstremal şəraitdə, hər an insan həyatlarının hörmətsizcəsinə, qəddarlıqla qırıldığı qapalı mühitdə iki qadının - sahib və qulun, cəllad və qurbanlığın faciəsi yaranır.

Posmış sonralar xatırlayacaqdı - onun nəzartçisi olmuş qadın - esesçi Anna-Liza Frantsın sonrakı taleyini ona alman jurnalistlər danışıb. Anna-Liza müharibədən sonra mühakimə olunmayıb,sakit həyat sürüb, ərə gedib, iki övlad doğub və 1956-cı ildə 43 yaşında vəfat edib.

Bir tarixçə bitib, digəri başlayıb. Zofya Posmış "Əgər onu mühakimə etsəydilər mən məhkəmədə hansı tərəfdə olacaqdım: ittihamçı, yoxsa müdafiəçi?” deyir. Budur əsas dilemma. Axı heç nəyə baxmayaraq Posmış ölüm düşərgəsindən məhz o nəzarətçinin hesabına sağ çıxıb?

Və indi keçirik mətləbə.

*** 

Amerikadan Avropaya gələn gəmidə iki qadın rastlaşır: keçmiş nəzarətçi Liza və keçmiş məhbus Marta. Daha doğrusu, Liza Martanı gördüyünü zənn edir və unutmağa çalışdığı xatirələrin yükü qayıdıb gəlir. Yanındakı ərinin suallarına özünün vaxtilə Osventsimdə məhbus yox, nəzarətçi olduğunu, ancaq heç kəsə pislik etmədiyini söyləyir.

Munk gəmidəki epizodu və ölüm düşərgəsini - bu günü və dünəni qarşılaşdırır. Göründüyü kimi, burada sabah sözü yoxdur. Çünki, sabah yenə dünən kimi ola bilər. Çünki, ekstremal şərait ən adi adamları da cəllada çevirə bilər.

Liza ərinə Martanı ölüm düşərgəsində necə qoruduğunu, xəstələnəndə müalicə etdirdiyini, siyasi məhbus olan nişanlısı Tadeuşla gizli görüşlərini təşkil etdiyini danışır. 

Ancaq ikinci Liza da var. Və ikinci Lizanın ərinə yox, özünə danışdıqları, daxili monoloqu fərqli mənzərəni canlandırır.

Bu ikinci Liza daha səmimidir. O - insanlar üzərində qeyri-məhdud hakimiyyət əldə etmiş nasist qadın - qurbanlığı Martaya həsəd aparır. "Mən azadlıqdayam və heç nəyim yoxdur. O, ölüm düşərgəsindədir - sevgisi var, əyilməzliyi var, mübarizəsi var. Mən ona yaxşılıq edirəm, o isə nəinki minnətdardır, üstəlik mənə nifrət edir”.

Lizanın fikir zənciri çox sadə və tanışdır - o, qurbanlığını sadəcə sındırmaq, fiziki məhz etmək istəmir, daha çoxuna çalışır - kölənin qəlbinə girmək, onu çuğula çevirmək, özündən tam asılı etmək, minnətdarlıq almaq. Və ixtiyarında olan bütün vasitələrə baxmayaraq, məğlub olur. Bu mübarizədən Marta qalib çıxır - hətta ölüm təhlükəsi qarşısında da qürurunu itirmir.

Liza intriqalara əl atır, Marta ilə psixoloji mübarizə aparır. Onun üçün baş verənlər - özünütəsdiq şansıdır, Marta üçün isə - insan qüruru uğrunda mübarizə. Liza oyun oynayır, Marta - savaşır.

Beləliklə, Munk faşizmi konkret və heç də çox güclü olmayan bir şəxsin miqyasında təqdim edir. Bu tarixçə - bir insanın başqa insan üzərində üstünlüyə nail olmaq tarixçəsidir. Və bu mübarizənin harada, nəyin uğrunda  getdiyi fərq etməz. O, hakimiyyət hərisliyi, əsarət şansı olan hər yerdədir. Əminlik də yoxdur ki, düzgün nəticə çıxarılacaq və bu, bir daha təkrar olunmayacaq.
 


***

İnsan təbiətinə pessimistcəsinə yanaşmış filosof Tomas Hobbs ("İnsan insana canavardır” kəlmələrinin müəllifi) hələ 17-ci əsrdə öz "Leviafan”ında yazırdı: insanları eqoizm və qorxu idarə edir. Eqoizmə görə başqalarını əsarətə alır, qorxu isə ona görədir ki, bu başqaları da bir gün ona eyni davranış sərgiləyəcək. Bir sözlə, qapalı dövrə.

Və əslində Hobbsun kəlmələri ekstremal, qaranlıq dövrlər üçündür. O özü də "Leviafan”ı Avropanın ağır illərində - Otuz illik müharibə və Kromvel inqilabının gətirdiyi qan gölməçələrinin kənarında yazmışdı.

Nasizm də qaranlıq illərdi. Bu gün də dünya vaxtsızlıq illərində çabalayır. Deməli, yenə də adi dövrlərin sakit, müsbət Lizasına hakimiyyət, əmr etmək şansı verilib. Liza varsa, Marta da var. Və cəllad-kölə dixotomiyası qlobaldır, hər gün hər yerdədir.

Obıvatel Lizanın nəzarətçi Lizaya çevrilməsi üçün çox şey lazım deyil. Sadəcə səlahiyyət və insan taleləri üzərində nəzarət imkanı ver - bəs edir.

Munk da bunu göstərmək istəmişdi - zorakı ideologiya ilə möhkəmlənmiş faşizm (fərq etməz hansı formada) adi həyatda mərhəmətli, ədalətli olan adamların belə psixologiyasını necə dağıdır, necə onları bu zorakılığın vintinə çevirə bilir. Və bu zorakılıq yalnız sevginin qarşısında uduzur.

"Sərnişin”dəki Liza nə sadistdir, nə edamları icra edən cəllad. Sabah dinc həyat başlayanda ərini, övladlarını sevən nümunəvi xanım, dostların, qonşuların sevimlisi roluna qayıdacaq. 

Ətrafımızda gördüyümüz, əllərinə hakimiyyət səlahiyyəti düşmüş bir çoxları da əslində patoloji personajlar deyil, hakimiyyətini əlindən al - insanın canavar yox, quzu olduğunun təsdiqinə çevriləcəklər. 

Hakim ideologiya, iqtisadi-siyasi formasiya məzmununa uyğun sosial davranış tələb edir.

Elə bu da şərin banallığıdır...