Dünya 15:01 24.02.2018

Antalya valisi azərbaycanlı gəncə yardım etdi

Əməliyyat üçün Türkiyəyə aparılan 15 yaşlı Cavid Abdullayevə Antalya Valiliyi böyük dəstək göstərib.

Qaynarinfo-nun məlumatına görə, o, Antalyadakı xəstəxanaların birində əməliyyat olunub və anası Aynur Məmmədlidən edilən ilik transplantasiyası ilə həyatda qalıb. Ailə əməliyyat üçün 120 min dollarlıq xərci qarşılasa da, sonradan müalicənin davam etdirilməsi üçün əlavə xərclər ortaya çıxıb. Beləliklə, ümumilikdə 87 min 500 dollar vəsaitin toplanması üçün Antalya valiliyinin icazəsi ilə yardım kampaniyasının aparılmasına başlanılıb.
 
Qeyd edək ki, Cavidə 3 il öncə milyonda üç nəfərdə rast gəlinən aplastik anemiya (sümük iliyinin yetərli olmaması və yeni hüceyrə yarada bilməməsi) xəstəliyi diaqnozu qoyulub.

Bakıda yaşayan və inşaatda sektorunda çalışan atası Davud Abdullayev müalicənin daha sürətli aparılması üçün yaxınların məsləhətilə Antalyaya gəldiklərini və onlara yardım göstərən hər kəsə təşəkkürünü bildirib: 
 
"Azərbaycandan Türkiyəyə gələnə qədər 60 min, Rusiya və Belarus xəstəxanalarında 30 min dollar xərcləmişəm. Bakıdakı evimi, maşınımı və bütün əmlakımı satmışam. 120 min dollar vəsaiti "Qəbələ" futbol klubunun rəhbərliyinin dəstəyi ilə ödədim. Bütün xərclərin bundan ibarət olduğunu düşünürdüm, lakin 87 min 500 dollarlıq ikinci qəbz məni şoka saldı. Çünki sata biləcəyim nə bir mülküm, nə də borc ala biləcəyim bir dostum qalmamışdı. Müraciətim əsasında Antalya Valiliyindən yardım toplama kampaniyası üçün icazə verildi. Övladımın müalicəsinin toplanılacaq vəsaitlə davam etdirilməsi məni ümidləndirdi. Türkiyədə bizim üçün edilən maddi və mənəvi yardımlar çox önəmli idi. Bizə bu dəstəyi verən bütün rəsmi qurumlara və xeyirxah türk insanlarına təşəkkür edirəm. Bu yaxşılıqların qarşılıqsız qalmayacağına inanıram".