Ölkə 20:23 21.02.2018

Apellyasiya məhkəməsi Qiyas İbrahimov və atası ilə bağlı qərar verdi

Hakimə hörmətsizlikdə təqsirli bilinən ata-oğul barəsində hökm qüvvədə qaldı

Bakı Apellyasiya Məhkəməsində NİDA vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimovun cəzasının artırılması, atası Həsən İbrahimovun isə islah işlərinə məhkum edilməsi haqda hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb. Bizim Yol xəbər verir ki, hakim Rizvan Səfərovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyək, Yasamal rayon məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Q.İbrahimov 2016-cı il mayın 10-da saxlanıb və o, narkotik vasitələrin qanunsuz dövriyysində təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Bu hökmdən verilmiş apellyasiya şikayətinə baxılan zaman hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin hakimləri Vüqar Məmmədov, Əmir Bayramov və Əflatun Qasımovun müraciətinə əsasən, Qiyas və atası H.İbrahimov barəsində CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, Q.İbrahimov ittihamları qəbul etmir, siyasi motivlərlə həbs olunduğunu bəyan edir. O, "Amnesty International” təşkilatı tərəfindən "vicdan məhbusu” elan edilib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb. Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bildiriblər.