APOEL-in baş məşqçisi:

APOEL-in baş məşqçisi: "Sabahkı oyundan sonra gülən mən olacam"

"Qarabağ"la avqustdakı matçımız final əhəmiyyətli idi. Bu gün də xala ehtiyacımız var. Nə etməli olduğumuzu bilirik".

"Report"un məlumatına görə, bunları Kiprin APOEL komandasının baş məşqçisi Tomas Doll UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı Bakıda keçirəcəkləri oyun haqqında danışarkən söyləyib.

Almaniyalı mütəxəssis matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan mətbuat konfransında bildirib ki, yaxşı oynayıb, uğurlu nəticə qazanmağı hədəfləyiblər: "Təkcə taktiki cəhətdən yaxşı oynamaq kifayət etmir, ürəyimizi qoymağa gəlmişik. Burada xal qazanacağımıza inanırıq. Tribunaların dolu olması futbol adına gözəl haldır. Oyuna çox gözəl hazırlaşmışıq. Matçın əhəmiyyətini yaxşı bilirik. Mental olaraq hazırıq. "Qarabağ"la son matç qələbə qazanmağı bacarmışdıq. Bu oyun üçün yaxşı işləyən planımız olmalıdır".

Doll "Avqustda Bakıya gələndə gülərüz görünürdünüz, bu gün isə qayğılı insana bənzəmənizin səbəbi nədir" sualına belə cavab verib: "Uzun yol gəlmişik, yorğunluq var. Bunun matçla əlaqəsi yoxdur. Sabahkı oyundan sonra gülən mən olacam, narahat olmayın. Heç bir görüşdən əvvəl neqativ düşünmək olmaz. Həyatda da belədir. Neqativ yox, pozitiv düşünməliyik".

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək oyun saat 20:55-də başlayacaq.
XƏBƏRLƏR
BLOGLAR