Ölkə 12:06 04.02.2013

Araz Əzimov: "Azərbaycanın mülki təyyarələri vurmaq niyyəti yoxdur"

Azərbaycan öz ərazisi üzərində olan hava məkanından qeyri-qanuni uçuşlara yol verməyəcək. Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTM) təşkilatının rəhbəri Nikolay Bordyujanın Xocalı hava limanı ilə bağlı bəyanatına münasibət bildirərkən jurnalistlərə deyib.

Əzimov qeyd edib ki, Bordyujanın bəyanatını kobud zarafat kimi qəbul etmək olar.

O bildirib ki, Azərbaycanın mülki təyyarələri vurmaq niyyəti yoxdur: "Amma Çikaqo konvensiyasını müvafiq qaydaları var və Azərbaycan hökuməti tərəfindən həmin qaydalar təsdiqlənib. Hansısa qeyri-qanuni uçuşların qarşısını almaq üçün müvafiq aerodromda təyyarəni endirmək də həmin qaydalardandır".

O deyib ki, Ermənistan Xocalı aeroportundan uçuşlar keçirəcəyi ilə bizi hədələyir: "Bunun qeyri-qanuni məqsədli olması ilə yanaşı siyasi və ideoloji tərəfləri də var".

Qaynar.info