İdman 11:32 01.05.2013

Arda Turan: "Bakıda hər dəqiqədən kef aldıq"

Məşhur futbolçu matçdan sonra müsahibə verib.

“Əvvəla çox şadam ki, Azərbaycandayıq. Bakıda keçirdiyimiz hər dəqiqədən kef aldıq”. Bunu apasport.az saytına açıqlamasında Türkiyə millisinin və Madrid “Atletiko”sunun futbolçusu Arda Turan deyib. “Fənərbaxça”nın Avroliqadakı oyunu ilə bağlı suala cavab vermək istəməyən məşhur futbolçu ancaq Bakıdakı qarşılaşma haqda danışacağını bildirib.

26 yaşlı futbolçu ölkəmizin futboluna uğurlar arzuladığını bildirib: “Bakı”nı təbrik edirəm, çünki onlar çox yaxşı mübarizə apardı. Bizim üçün də bu qarşılaşma çox əyləncəli hazırlıq matçı oldu. Bundan sonrakı dönəmdə Azərbaycan futboluna uğurlar arzulayıram. İnanıram ki, ölkəniz gələcəkdə bundan da çox yaxşı yerlərdə olacaq”.

Arda həmin görüşdə meydana çıxmamaqla azərbaycanlı azarkeşlərin onu canlı görə bilməməsinə səbəb oldu. Sol cinah futbolçusu ehtiyatda qalmasının səbəbini belə açıqlayıb: “Bir az zədəm vardı. Ona görə də oynamadım. İnanıram ki, gələcəkdə burda rəsmi matçlarda forma geyinə biləcəm və azərbaycanlı azarkeşlər oyunumu canlı görəcək”.

Qeyd edək ki, “Bakı” – “Atletiko” oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qaynar.info