Ölkə 13:11 07.05.2013

Arif Rəhimzadə parlamentdə ağladı

Milli Məclisin iclası davam edir. Spiker dedi ki, iclasın qısa müddətdə başa çatması üçün söz istəyən hər kəsə yox, yalnız vaxtilə H.Əliyevlə işləmiş bəzi deputatlara çıxış üçün söz veriləcək. Bu mənada ilk olaraq sözü deputat Fəttah Heydərova verdi. F.Heydərov bildirdi ki, bu gün dünyanın hər yerində H.Əliyevin yubiley tədbirləri qeyd olunur. “O, ilahi bir şəxsiyyət idi” deyən F.Heydərov bildirdi ki, H.Əliyev 20-ci əsrin ən işıqlı simalarından biridir: “Heydər Əliyev yolu xalqımız üçün ən açıq, ən işıqlı bir yol olub, çünki o, özü işıqlı şəxsiyyət idi”. Deputat dedi ki, nə qədər ki, H.Əliyev Moskvada işləyəndə tarixi düşmənlərimiz həmişə ürəklərində gəzdirdikləri arzularını, Qarabağı işğal etməyə nail ola bilmirdilər: “Heydər Əliyev Azərbaycanda olmayanda Azərbaycan faciələrlə yaşayıb”.

Arif Rəhimzadə çıxışında dedi ki, öz qərarlarının və hərəkətlərinin düzgünlüyünə qəti əmin idi. Onun sözlərinə görə, bunun nəticəsi idi ki, 90-cı illərdə onun hakimiyyətə qayıdışını zəruri sayanların sıraları artırdı: “Bu insanların sırasında 90-cı illərdə parlament iclasında Heydər Əliyevə qarşı çıxış etmiş, ancaq sonradan onun hakimiyyətə qayıdışı üçün hazırlanan müraciətə imza atanlar da var idi”.

A.Rəhimzadə H.Əliyevin vəfatından danışarkən kövrəldi. Çıxışı kəsib su içdi, özünü ələ almağa çalışdı. Davam etməyə çalışsa da, ağladığı aydın sezilirdi. O, nəhayət, səsi titrəyə-titrəyə çıxışını yekunlaşdırdı. Parlamentarlar onun çıxışını sürəkli alqışlarla qarşıladılar. /musavat.com/

Qaynar.info