Ölkə 15:09 21.05.2014

Arvad saxlamaq və kişi yağmalamaq ənənəsi

Günel Mövlud

Adətən insanlara evliliklə bağlı suallar, məsləhətlər vermirəm. Şəxsi və qəliz məsələdir. Bu barədə ancaq ən yaxın, ən mərhəm adamlarla söhbət düşür. Həmişə də eyni şeyi müşahidə eləmişəm. Evlilik barədə danışan subay oğlanların böyük əksəriyyəti subaylığını belə izah edir:

- Özümü saxlaya bilmirəm, (əslində, çoxları g.tümə şalvar ala bilmirəm - deyir), arvadı nə ilə saxlayacağam? 

Maddi problemləri olmayanlar isə: 

- Əşi, subaylıq-sultanlıqdır. Evlənəndən sonra adamın əli-qolu bağlanır. - deyir.

Maraqlıdır, çox vaxt bu sözləri müasir, yenilikçi, oxumuş adamların dilindən də eşidirəm. Və məni həmişə bir məsələ düşündürür: niyə müasir adamlar da evliliyə «qadını saxlamaq» məcburiyyəti, öhdəliyi kimi baxırlar? Niyə evliliyə məişət problemlərini, qayğılarını bölüşmək, bir-birilərinə həm mənəvi, həm maddi dəstək olmaq kimi baxmırlar. Niyə düşünmürlər ki, evlənəndən sonra məsələn, ikisi bir evdə yaşadıqlarından, kafelərdə deyil, evdə yemək yeyəcəklərindən, bir adamın deyil, iki nəfərin maaşından, gəlirindən istifadə edəcəklərindən daha rahat, daha komfortlu yaşayacaqlar. Həyat, məişət xeyli rahatlaşacaq.

«Adamın əli-qolu bağlanır» deyənlər niyə düşünmürlər ki, evlənəndən sonra dostları ilə görüşmək, onlarla birlikdə həftəsonları əylənmək, kafelərə, barlara getmək daha əyləncəli olacaq? Niyə düşünmürlər ki, bir-birilərinin çevrəsi ilə tanış olacaq, yeni insanlar tanıyacaq, yeni dostlar tapacaqlar?

Cavab sadədi. Bizdə bu mədəniyyət hələ formalaşmayıb. Hələ də savadlı, oxumuş, müasir qadınlar belə məmnuniyyətlə evdə oturub, kişinin onu saxlamasını, maddi cəhətdən təmin etməsini gözləyirlər. Qadınların çoxu hələ də kişiyə mağaraya mamont budu gətirəcək ibtidai varlıq kimi baxır, kişi də bu rolu rahatlıqla qəbul edir, ya da məcbur olur. Hələ də lap müasir kişilər belə, qadının işləməyini, maddi cəhətdən evə, ailəyə dəstək olmağını əksiklik hesab edir, bunu qürurlarına sığışdırmırlar.

Hələ də evlərdə dostlarla əylənmək, hayət yoldaşları ilə birlikdə həftəsonu əyləncələrinə getmək ənənəsi yoxdur. Evli cütlüklər, nişanlılar, sevgililər ortaq dostları, tanışları ilə yaxşı, maraqlı vaxt keçirə bilmirlər. Çoxlarına heç bir-biri ilə də maraqlı deyil. Bir-birinin ünsiyyətindən, söhbətlərindən həzz ala, nəsə öyrənə bilmirlər. İnsanlarımızın, gənclərimizin çoxunun mənən və bilik sarıdan yoxsul olması münasibətləri maraqsız, duzsuz edir. Öpüşüb-sevişib, doyandan sonra kişiyə ancaq məişət problemlərini həll eləmək, evə mamont budu gətirmək dərdi, qadına da qab-qacaq yumaq, seriallara baxmaq, saatlarla rəfiqələriylə mənasız vaxt keçirmək qalır.

Ərlə arvadın birlikdə filmlərə baxmaqlarına, oxuduqları kitablardan təəssüratlarını bölüşməyinə, hərəsinin öz bildiyi sahə barədə maraqlı söhbətlər eləməyinə ən nadir ailələrdə rəst gəlmək olar, ya da olmaz. Kişi qadına minnət qoyur ki, işləyib, ailə dolandırmaqdan üzülüb, əldən düşüb. Qadın da kişiyə minnət qoyur ki, ev-eşik yığışdırmaqdan, uşaq saxlamaqdan cana yığılıb. Münasibətlərdə mədəni, mənəvi çəkisi, tutumu olan şeylər olmadığından, başlayırlar bir-birini didməyə. Axırda da kişi rahatlığı çöldə-bayırda dostları, ya da başqa qadınlarla vaxt keçirməkdə tapır. Birlikdə qonaq qəbul etmək, dostlarla birlikdə əylənmək mədəniyyəti olmadığından, kişi çox vaxt arvadını dostlarına, dostlarını da arvadına göstərməyə, tanış eləməyə çəkinir. Qadın da başını şopinqlə qatır.

Şopinq deyilən şey də bir ayrı mövzudur. Bizim qadınların ən ucuz, ən düşük, ən maraqsız, ən şit tərəfləri şopinq söhbətlərində özünü büruzə verir. Mənən çox yoxsulluqdan, ortada başqa dəyərli heç nə qoya bilmədiyini anladığındandır ki, bizim qadınlar bir brend köynək, bir zinət əşyası, bir ayaqqabı, bir çanta alanda, bir bahalı kafedə oturanda bunu alabayraq edir, sosial şəbəkələrdə paylaşırlar. Yaxşı yolunu tapıblar, kişi işləsin, tər töksün, pul qazansın, sən də ona dəstək olmaq əvəzinə, apar bir ətək pulu «uf» demədən mahiyyətcə əski-üskü brendlərə, bir stəkanı 15 manata axmaq kokteyllərə xərclə. Kişinin pulunu rəsmən düşmən malı, qənimət kimi xərcləyir bizim qadınlar…

Başqa vaxt milli ənənələrdən, milli dəyərlərdən danışırlar. Yalansa, gözünüzə girsin. Millisinizsə, milli dəyərlərinizə hörmət edirsinizsə, hanı sizin xalça-palaz, pal-paltar toxumağınız, yoran-döşək sırımağınız, mürəbbə bişirməyiniz, turşu qoymağınız, yuxa yayıb, xəngəl kəsməyiniz, qışa tədarük görməyiniz? Axı işləyib, ailəyə dəstək ola bilməyəndə, heç olmasa, belə şeylərlə xərclərə qənaət edə, kişinin yükünü nə qədər azalda, ona nə qədər dəstək ola bilərsiniz.

Bəs kişilər buna niyə razı olur? Qadınlarının onlara pul kisəsi, evə ov, qənimət gətirən ovçu, mağara adamı kimi baxmaqlarına, sonra da pullarını əski-üsküyə, zir-zibilə xərcləmələrinə niyə razı olurlar? Çoxu da elə bu variantı dəstəkləyir. Qadının onunla çiyin-çiyinə verib, işləməyini, ailəyə dəstək olmağını qəbul eləmirlər. «Kişinin arvadı işləməz» prinsipi ilə yaşayırlar.

Əslində, onlara da belə rahatdı. Qadının işləmirsə, kişinin əlinə baxacaq, dili qısa olacaq. Bu da kişiyə öz azadlığını qorumağa, istədiyi vaxt evdən çıxmağa, istədiyi vaxt gəlməyinə şərait yaradır. Bəzilərini də qeyrət boğur. Düşünürlər ki, qadın işləyirsə, onun xəyanət eləmək, pis yola getmək ehtimalı çoxdur. Yani qadını gözündən uzağa buraxsan, o dəqiqə xəyanət edəcək. Maraqlıdır ki, bizim kişilər qadınları barədə belə düşürlərsə, onda, inanmadıqları, ilk fürsətdə xəyanət edəcəyini düşündükləri qadınlarla necə yaşayırlar? Ya da, daha vacib sual: niyə yaşayırlar?

Qərəz, bir-birilərini istismar edə-edə, aldada-aldada, şübhələnə-şübhələnə yaşayırlar özləri üçün…

meydan.tv