Sənət 13:36 22.08.2014

Arvada vergi verildi – MÖVLUD MÖVLUD

Mövlud Mövlud 

Bir-iki il əvvəl saytlar ustad Səfər Alışarlının hekayəsini yayımlamışdı. Səfər bəyin ləngərli təhkiyəsi, usta manevrləri, yüngül köşəçilərin meydan suladığı saytlarda sanballı tənhalıq yaşayırdı – oxunma sayı az, şərhlər azdan da az...

Belə məqamlarda xalqımızın bədii söz sənətinə qarşı göstərdiyi laqeydlik adamı depressiyaya salır. Düşünürsən ki, həqiqi ədəbiyyat bizim kimi çətin vəziyyətdə olan, yurdu yağmalanmış millət üçün xalis reseptdir, qurtuluş resepti. Yazıb verirlər, xilas olsun, o isə yazılanı əlinin arxasıyla itələyib deyir: “Vaxtım yoxdur, gedirəm bulvarda konsertə baxmağa”.

Səfər bəyin hekayəsinə gələn azsaylı şərhlərdə çoxsaylı nadanlıq var idi. Oxucular birmənalı şəkildə hekayəni tənqid edir, darıxdırıcı olduğunu yazırdılar.

Yazılanlar barədə danışmaq üçün ona zəng elədim. Zarafatla qayıtdım ki, camaatı niyə darıxdırırsınız? O, yorğun-yorğun gülümsəyib dedi:

– Bizimkilər noğul istəyir.

Səfər bəy doqquzluqdan vurmuşdu. Doğrudan da, bizim oxucuya nağıl və noğul lazımdır.

 Noğulsevərlər ciddi, millətin taleyi ilə bağlı olan yazı görəndə diksinir, “darıxdırıcıdır”, “axı bu kimə lazımdır?” deyirlər. Halbuki dərman da acı olur, ancaq biz onu içirik ki, sağalaq.

***

Bizim arvad da kitab oxuyandır. Əlif Şəfəqin, Koelyonun, Xalid Hüseyninin romanlarının demək olar ki, əksəriyyəti ilə tanışdır. Ramiz Rövşənin şeirlərini əzbər bilir. Bütün ciddi sözdən xəbəri olmayan adamlar kimi o da Ramiz Rövşən şeirlərinin heyranlarındandır. Kumiri ilə bağlı zarafat eləyəndə cırnayır. İsrarla mənim Ramizin şöhrətinə paxıllıq etdiyimi iddia edir.

Bir də görürsən, qaça-qaça gəldi üstümə: “Buna nə deyirsən, bu da pisdir:

– Mənim də bəxtimə bu vətən düşüb,

 Havayı açılmır çiçəkləri də.

Allahı yorulub, taqətdən düşüb,

Bir az şorgözləşib mələkləri də...”

Hə, buna nə sözün?

O saat məni gülmək tutur. Onda lap dəli olur:

– Özün nə yazmısan eyyy, nə? Bir dənə “Qara Bayram”dı, o da məmə söhbətinə görə oxundu...

Bir-iki gün sonra görürəm, yenə “silahlanıb” gəlib üstümə:

– İlahi, səndən də sındı ürəyim,

Məni küsdürənin yekəsi sənsən.

Dünyanın ən uzaq, ələ gəlməyən,

Boğazdan keçməyən tikəsi sənsən!

Bu dəfə lap gülməli görünür. Ona elə gəlir ki, şeirin “dərinliyi” artsa, mən təslim olacağam. Əksinə olur, şeirin “dərinliyi” poetik qəzaların sayını artırır: “Məni küsdürənin yekəsi sənsən”.

Şaqqanaq çəkdiyimi görüb, uşaq kimi ayağını yerə döyür, “eyyy” deyib o biri otağa qaçır.

Axır vaxtlar özümə söz vermişəm ki, “inanclarına hörmətlə yanaşım”. Biz ədəbiyyata görə arvad boşaya bilsəydik, indi torpağımız erməni də olmazdı...

Ad günümdə mənə hədiyyə almışdı. Sabir Əhmədlinin “Toğana” və Şaiq Vəlinin “Eşq və şərab” kitablarını. – İçkili olanda bir-iki dəfə yanında bu kişilərdən danışıb ağlamışam, bilir ki, onları çox istəyirəm –

Axşam avtobusla evə gedəndə mən Şaiq Vəlinin, o, Sabir müəllimin kitablarını götürüb vərəqləməyə başladıq. Gözaltı fikir verib gördüm ki, Sabir müəllimin ona kitabı çox qəribə gəldi, bir neçə dəfə cəhd eləsə də, heç bir hekayəyə girişə bilmədi.

O, ilk dəfə idi ki, ciddi ədəbiyyatla qarşı-qarşıya dayanmışdı. Bu, o bildiyi nağıllardan deyildi. Azərbaycan xalqının yarım əsrdən çox tarixinə və taleyinə işıq tutan, ömrünü milləti ilə birlikdə yaşayan bir kişinin kitabı idi.

Başını qaldırıb misalını həll eləyə bilməyən uşaq kimi ağlamsındı:

– Oxuya bilmirəəəm, ağırdııı...

“Sənə vergi verilir, – dedim, – götürsən, ovliya olacaqsan”.

Elə bildi zarafat eləyirəm:

– Eşşəksən sən! – başını çiynimə qoyub mürgülədi.

1937.az