Arxamızca dərd çapır, qorxuram çata...

Arxamızca dərd çapır, qorxuram çata...

Hüseynbala Səlimov

Bəli, nə qədər ki, Nikol Vovayeviç Ermənistan hakimiyyətində yeni sima idi, müəyyən ümidlər vardı. Xüsusən də Dağlıq Qarabağ kriminal siyasi klanının uzun müddətdən sonra hakimiyyətinə son qoyulması bu cür ümidləri bir az da artırmışdı. 

Amma çox təəssüf ki, bir ildən bir qədər artıq vaxt keçsə də hələki danışıqlar prosesində öyünüləsi bir hadisə və yaxud da hadisəyə işarə ola biləcək nəsə baş verməyib; deyəsən, daha "danışıqların substantivliyi” tələbi də yadımızdan çıxıbdı, çünki Dağlıq Qarabağ hərbi -siyasi teatrı bir tərəfə, heç girovların və əsirlərin dəyişdirilməsi kimi humanitar bir məsələdə belə irəliləyiş əldə edə bilməmik.

Ötən həftə Nikol Vovayeviçin özünü tərifləyən bir bəyanatı yayıldı və çox saytlar da dərhal onu tirajlayıb geniş ictmaiyyətə çatdırdılar. Bəs bu adam indi nə deyir və bizi indi nə ilə təəccübləndirmək istəyirdi?

Sözündən belə məlum ourdu ki, o, öz siyasi sələflərindən fərqli olaraq belə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nəzərdə tutulan sülh planının qəbul olunması üçün həımin plan Azərbaycan xalqı üçün də məqbul olmalıdır. 

Qonşumuz iranlılar demişkən, xub. Bəs onun bu mövqeyi öz ifadəsini nədə tapıbdır? 

Bax, bu suala cavab vermək elə də asan bir məsələ deyildir, çünki bir ildir ki, biz Nikol Vovayeviçin "Dağlıq Qarabağ xalqı”, daha doğrusu, Dağlıq Qarabağın erməni əhalisi üçün çalışdığının şahidiyik: bu adam hələ də israr edir ki, danışıqlarda Qarabağ ermənilərinin mövqelərinin əks olunması üçün onlar da prosesdə iştirak etməli və deməli prosesin formatı bir az da genişlənməlidir. Əlbəttə ki, biz bunu qəbul etmədik və biz baxıb həmsədr qardaşlarımız da başlarının işarəsi ilə "yox” dedilər...

İndi məsələ qalıb, necə deyər, böyrü üstə: nə irəli gedir, nə də geri. Yox, əlbət ki, biz həvəsdən düşmürük, o ki var özümüzü tərifləyir, öyürük ki, bəlkə bu ermənilər bir az geri oturdurlar. Amma əfsus...

Bəli, obrazlı şəkildə desək, məsələ "daha əlverişli” məqamda həll olunmaq üçün sanki konservasiya olunub, guya zaman bizim xeyrimizə işləyir. Üstəlik, deyirlər ki, baxın, postsovet məkanındakı digər münaqişələr də həll edilmıyib. 

Düzdür, amma ciddi bir fərqlə. Həmin o münaqişələrə böyük dövlətlərin və yaxud təşkilatların münasibəti tamamilə fərqlidir; biz həmin ünvanlardan ərazi bütövlüyümüzə dəstək ola biləcək sözləri az qala, kəlbətinlə qopardığımız halda, gürcülər, ukraynalılar və ya moldovanlar belə problemlə qarşılaşmırlar, onların ölkələrinin ərazi bütövlüyü qeyd-şərtsiz müdafiə olunur. Bizə gələndə isə ya ayrı bir izah verilir, ya da iki ayaqlarını bir dəliyə dirəyib ümumiyyətlə "yox” deyirlər. 

Məsələn, elə bu yaxınlarda Avropa yetkilisi D.Tusk buralara səfər edib guya bizə dəstək verdi və bunun ardınca da öz Brüsselinə qayıdıb vəzifə səlahiyyətlərini yerə qoydu –postunu digərinə təhvil verdi və yaxud da ki, bu gün – sabah verməyə hazırlaşır.    

Məsələ belədir, hörmətli istidən pörtmüş həmyerlilərimiz: "zaman, illər bizim xeyrimizədir” desək də hələki xeyri qarşı tərəf – ermənilər götürür və bizə yalnız özümüzçün danışmaq qalır...
Məsələyə daha ciddi yanaşandasa, bir dünyaya baxın. 50 ildir ki, Yaxın Şərq münaqişəsi davam edir. 50 ildən sonra hakimiyyətə ABŞ-ın bəlkə də ən israilpərəst prezidenti – Donald (Lənət şeytana! Yenə də Donald!) Tramp gəldi hakimiyyətə; qısa müddətdə Qüdsi İsrailin paytaxtı, hətta Qolan təpələrini "vəd olunmuş torpaqlar”ın ayrılmaz hissəsi kimi tanıdı! 

Niyə deyirəm bunları? Yarım əsrdən sonra Yaxın Şərq münaqişəsində çox maraqlı bir tendensiya müşahidə olunur: ədalət, hüquq yox, reallıqlar qalib gəlir və heç kim təzədən özünə əziyyət verib bu reallığı dəyişmək istəmir, hamı onlara alışır. Təminat varmı ki, beş, ya on ildən sonra ABŞ-da ən ermənipərəst bir prezident hakimiyyətə gəlməyəcək və bu adam tutaq ki, Şuşa haqqında da Qüdslə bağlı olduğu kimi, bizim işğalda olan ərazilərimiz haqqında Qolan yüksəkliyilə bağlı olduğu kimi bir qərar qəbul etməyəcək?..

Alnınızı qırışdırıb, üz-gözünüzü turşudub özünüzə qəti əziyyət verməyin: belə təminat yoxdur. Odur ki, yazının başlığındakı cümlə ilə bitirmək istərdim bu "hekayə”ni: Arxamızca dərd çapır, qorxuram çata!

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR