İyunun 2-də Heydər Əliyev Mərkəzinin parkında "Uşaq festivalı” davam edib. Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə bu gün də Bakının azyaşlı sakinləri və qonaqları müxtəlif əyləncələrdə iştirak edib, asudə vaxtlarını dostları ilə birgə keçiriblər.

Heydər Əliyev Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, festivalın ikinci günündə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak edib, Mərkəzin parkında uşaqlar üçün yaradılmış əyləncə məkanları ilə tanış olub.

Qeyd edək ki, "Uşaq festivalı” iyunun 1-dən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə start götürüb. Festival çərçivəsində balacalar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.

Hər iki gündə uşaqlar üç saat ərzində bayramlarını əyləncələrlə qeyd etməklə yanaşı, istedad və bacarıqlarını nümayiş etdirib, intellektual yarışlarda, maarifləndirici təlimlərdə iştirak ediblər. Mərkəzin parkı həm əyləncə, həm də bir yaradıcılıq məkanı kimi uşaqların ixtiyarında olub.

Park ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb. Burada müxtəlif idman və incəsənət meydançaları yaradılıb, uşaqlar küçə incəsənəti üçün ərazidə asfalt üzərində müxtəlif rəsmlər çəkib, kiçik avtomobillərlə ralli təşkil olunub, rollerdrom yaradılıb.

Eyni zamanda parkda uşaqlar üçün müxtəlif maraqlı attraksionlar da quraşdırılıb.

Cizgi filmlərinin qəhrəmanlarının iştirakı ilə nağıllar aləminə səyahət təşkil olunub. Uşaqlar sevimli personajları ilə görüşüb, onlarla birlikdə əyləniblər.

Həmçinin azyaşlılar üçün uşaq yaradıcılıq mərkəzləri və studiyalarının çıxışlarından ibarət konsert proqramı təqdim edilib.

Uşaqlar şahmat oynayıb, müxtəlif idman növləri üzrə master-klaslar təşkil olunub.

Heydər Əliyev Mərkəzinin parkında yaradılan maraqlı və sevilən zonalardan biri isə "Safari turu”, "Mini ferma” olub. Burada azyaşlılar bir sıra heyvanlarla canlı tanış ola biliblər.

Qeyd edək ki, festivalın birinci günündə Bakı və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar da iştirak ediblər. Onlar hazırladıqları müxtəlif əl işlərini sərgiləyib, rəqs və musiqi nömrələri ilə çıxış ediblər. Sonda uşaq evləri və internat məktəblərindən olan qonaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Festival bu gün başa çatıb.