Siyasət 16:32 31.08.2017

Asim Mollazadə təbii fəlakətlə bağlı ABŞ səfirinə məktub göndərib

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Texas ştatında baş verən “Harvi” qasırğası və daşqınlarla bağlı ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli Robert Sekutaya məktub göndərib.

"Qaynarinfo" xəbər verir ki, məktubda partiya sədri bu təbii fəlakət nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini ifadə edib.

“Baş verən faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və bütün ABŞ xalqına dərin hüznlə başsağlığı veririk! İtkin düşənlərin tezliklə sağ və salamat tapılmasını, yaralıların şəfa tapmasını arzulayırıq!” – deyə A.Mollazadə məktubda bildirib.

O, Birləşmiş Ştatların bu dəhşətli təbii fəlakətin nəticələrini tez bir zamanda aradan qaldıracağına və fəlakət zonasında yaşayanların öz normal həyatlarına qayıda biləcəklərinə ümidini ifadə edib.

Həmçinin bildirib ki, ən çox itkiyə məruz qalmış və ziyan çəkmiş Texas ştatının Hyuston şəhəri Bakı ilə qardaşlaşmış şəhər olduğundan, Azərbaycan paytaxtının sakinləri orada baş vermiş fəlakətə daha həssaslıqla yanaşırlar.  

“Sizdən başsağlığı və şəfa diləklərimizi faciə qurbanlarının ailələrinə, yaxınlarına və zərərçəkmiş hər kəsə çatdırmağınızı rica edirik!” – deyə partiya sədri əlavə edib.

Qaynarinfo.Az