Ölkə 14:11 07.02.2013

AŞPA məruzəçiləri: “Bu həbslər əsaslı şübhələr doğurur"

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri Pedro Aqramunt və Cozef Debone Qrex Azərbaycanda baş verənlərdən dərin narahatlıq keçirdiklərini bəyan ediblər. 

Onlar İsmayıllıda və Bakıda etiraz aksiyalarının zorakılıqla dağıdılmasını və həbsləri pisləyiblər: “Biz Azərbaycan hakimiyyətini dinc nümayişlər zamanı saxlanmış fəalların işinə yenidən baxmağa çağırırıq. Vətəndaş cəmiyyəti və beynəlxalq birlik müvafiq məhkəmələrin insan haqları standartlarına uyğunluğunu şübhə altına alıb”.

“Azadlıq” radiosunun məlumatına görə, məruzəçilər İsmayıllı etirazlarını qızışdırmaq ittihamı ilə həbs edilmiş REAL hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun həbsinə də toxunublar: “Bu həbslər əsaslı şübhələr doğurur. Biz Azərbaycan hakimiyyətini həbs edilmiş müxalif siyasətçilərin azad olunması üçün bütün mümkün hüquqi vasitələrdən istifadə etməyə çağırırıq”.