Hüseynbala Səlimov
Ölkə 12:16 18.07.2017

ATALAR VƏ OĞULLAR...

Hüseynbala Səlimov

Yox, burada İ.Turgenevin eyni adlı dəyərli romanından bəhs etməyəcəm. Hərçənd, bunu etmək də olardı, çünki həm kontekstə düşür, həm də dünya ədəbiyyatında böyük, bəşəri suallar qoymaqda rus ədəbiyyatının tayı-bərabəri yoxdur...

Qərəz, nə qədər qəribə olsa da, son bir neçə gündə ölkədə maraqlı mübahisələr getdi: məmur atalar öz övladlarına görə, daha doğrusu, onların qanunsuz əməllərinə, özbaşnalıqlarına, bir az da kobud desək, yaramaz hərəkətlərinə görə işdən azad edilə bilərmi?.. 

Hamı bu xüsusda fikrini dedi. Kimi "hə” dedi, kimi də "yox”... Mən isə bir azacıq uzaqdan başlamaq sitəyirəm. 

Bir ara Avropa İnsan Haqları Məhkəməsinin də bəzi qərarlarını öyrənməklə məşğul idim, daha doğrusu, məni söz və ifadə azadlığı ilə bağlı qərarlar maraqlandırırdı. 

Bu qərarlardan bir neçəsi xüsusilə diqqətimi cəlb etdi: deyilirdi ki, dövlət və siyasət adamları qəbul etməlidirlər ki, onlara qarşı tənqidin sərhədləri daha geniş olmalıdır...

Bəli, bu, faktiki olaraq o demək idi ki, dövlət və siyasət adamlarının toxunulmaz tərəfləri yoxdur və yaxud da kobud şəkildə desək, onların hətta şəxsi həyatları müəyyən mənada cəmiyyət üçün açıq olmalıdır...

Qəddar və amansız qərardırmı? Müəyyən mənada əlbəttə... Amma hər sahənin öz spesifikası var. Ömrünü siyasətə və dövlət işinə həsr etmiş insanlar bilməlidirlər ki, başqa cür olmur, onların həyatları ilə bağlı ən ilginc nüanslar belə insanları maraqlandırır.

Həm də burada bir məsələ də var. Ailəsinə, övladlarına təsir etmək, onları cəmiyyətin və dövlətin qaydalarına əməl etməyə vadar etməyi bacarmayan insanlar böyük kollektivləri, cəmiyyəti necə idarə bilərlər?

Elə bu səbəbdən də, qoy, bizim məmurlar da inciməsinlər – onlar hər şeydən əvvəl öz uşaqlarının və yaxınlarının əməllərinə cavabdehdirlər... 

Başqa cür ola da bilməz. Bir dünyaya baxın. Yüksək çinli məmurlar daim medianın və cəmiyyətin diqqətində olurlar. Bəzən kiçik bir hərəkət və yaxud yanlışlıq belə məmurlar üçün böyük başağrısı olur, onlar hətta buna görə vəzifələrilə vidalaşmalı olurlar.

Bəzən mənə elə gəlir ki, məmurlarımızın bir qismi hətta tutduqları postların belə fərqində deyillər, sanki onların bəzisinə elə gəlir ki, vəzifə onlara pul və sərvət toplamaq üçün verilib.

Mən də arabir işi məhkəmədə olan bəzi məmurların ifadələri ilə maraqlanıram. Əksər hallarda da dilimin ucunda bircə söz donub qalır: dəhşət!..

İnanın, bunun başqa bir adı yoxdur, elə həqiqətən dəhşətdir! Heyrət içində razılaşmalı olursan ki, bəli, Azərbaycan həqiqətən də çox varlı bir ölkədir, baxmayaraq ki, bəzi məmurlar onu bu qədər talayır, yenə sərvəti bitib– tükənmir...

Bir tərəfdən belə neqativ halların hakimiyyətin özü tərəfindən ifşa edilməsi adamda ümid yaradır və düşünürsən, haqq nazilsə də üzülmür – bu ölkədə də haqqın da qalib olmaq şansı var...

Amma daha sistemli iş istərdik. Daha yaxşısı bu, olardı ki, bu cür halların sayı ildən – ilə azalsın, bir cəzalandırılmış məmur onuna dərs olsun... Bəli, o halda ölkə həyatı normal məcraya yönələrdi. Amma min təəssüf ki, belə olmur, bir məmur dağıdıb– talan edib gedir, yerinə başqa birisi gəlir və eyni həvəslə talayır...

"Niyə”si də aydındır... Korrupsiyanın "canını” yalnız şəffaf dövlət və hökumət qurmaqla almaq olar. İndi isə bu olduqca azdır, sanki hökumət nəzarəti cəmiyyətlə bölüşmək istəmir. Halbuki qəbul etmək lazımdır ki, nə cəmiyyət, nə onun ayrı –ayrı institutları, media və ya QHT-lər heç də düşmən deyillər, onlar da yalnız bu ölkənin yaxşılığını istəyirlər...

Fikir verirəm, bizim dövlət adamlarımız həmişə təhlükəsizlik məsələlərini önə çəkirlər. Belə də olmalıdır. Təhlükəsizlik təmin olunmayan yerdə nə azadlıq olur, nə bərabərlik, nə də ki, sosial rifah... 

Bir məsələni də unutmaq lazım deyildir. Korrupsiya və ya məmur özbaşnalığı bilavasitə milli təhlükəsizliklə bağlı məsələdir. Hələ ABŞ politoloqu, müqayisəli politologiyanın banilərindən biri Z.Bjezinski də yazırdı ki, korrupsiya müəyyən dövlətləri idarə etmək, onların siyasətinə müdaxilə etmək üçün ən yaxşı vasitədir.

Korrupsioner məmur üçün əslində müqəddəs heç nə yoxdur, hər şeyin sadəcə, qiyməti var. Məsələnin ən qəliz tərəfi də budur ki, biz adi dövlət deyilik, müharibə aparan dövlətik. Düşmən kəşfiyyatı isə yatmayıbdır və bütün üsul–vasitələrdən yararlanmağa çalışır.

Qərəz, qayıdaq əvvələ... Atalar və övladlar məsələsinə... Onların da arasında müəyyən "konfliktin” olması labüddür, çünki elə bu da yenilik və köhnəlik məsələsidir. 

Amma ki, əsrlərin sınağından keçmiş qaydalar da var və bunu məmurlarımız da bilməlidir: yaxşı ata övladının üzünü ağartdığı kimi, elə yaxşı övlad da atasının üzünü ağ etməlidir. 

Bir daha deyirik ki, bu hamıya aiddir – o cümlədən də məmur atalara və onların övladlarına...

Qaynarinfo.Az