Son vaxtlar mətbuatda enerji içkiləri haqqında müxtəlif səpkili yazılar dərc olunmağa başlayıb. Bu da normaldır. Çünki son onillikdə alkoqolsuz içkilər bazarında güclü trendə çevrilmiş bu brendlərin mətbuatın gündəminə gəlməsindən təbii nə ola bilər? Amma təbii olmayan məqamlar da var. Xüsusən bəzi hallarda enerji içkilərinin əleyhinə sistemli bir "qara piar"ın da aparıldığını müşahidə edirik. Sanki bu içkilərin Azərbaycan bazarına da tam oturuşması kimlərisə narahat edir. Bazarda süni ajiotajın yaradılması da narahatedici məqamdır.
Ona görə də mövzunu soyuqbaşla araşdırmaq qərarı verdik.
Hər şey ondan başladı ki...
Bir gün diş pastası istehsal edən məşhur "Blendax" firmasının 40 yaşlı marketinq direktoru Ditrix Mateşitsin Taylanda səfər etdi. Təyyarə ilə uzun səyahətdən sonra yorğunluq və əzginlik hiss edən Ditrixin nəzərlərini Bankqoqun küçələrində qəhvəyi qablarda satılan və az qala hamı tərəfindən alınan bir içki cəlb etdi. "Krating daeng" etiketi vurulmuş bu içkidən o da alıb içdi və özünü daha gümrah hiss etdiyinin fərqinə vardı. Bu vəziyyətdə istənilən dahi marketoloq nə etməliydisə, Ditrix də onu etdi. Öyrəndi ki, "Krating daeng" içkisini hansısa "TC Pharmaceuticals" adlı bir şirkət istehsal edir və onun rəhbəri Çaleo adlı bir şəxsdir. Taylanddan kənarda hələ heç kimin tanımadığı bu içki ilə bağlı dərhal biznes xəyalları quran Ditrix Çaleo ilə görüşməyə və onu öz ideyalarına inandırmağa nail olur. Ditrix ölkəsinə qayıdan kimi dostlarının, yaxınlarının təkidlərinə, iradlarına baxmayaraq işindən ayrıldı. Az sonra Avstriyada ikisinin ortaq şirkəti "Red Bull" yarandı. Çox keçmədi ki, Ditrix Avstriyanın ilk milyarderi, Çaleo isə Taylandın ən varlı adamı oldu.
Nəticədə "Red Bul"un uğur hekayəsindən ilhamlanıb yola çıxan yeni enerji içkisi brendləri sürətlə artmağa başladı. Azərbaycanda da "Red Bull", "Jaguar", "Bizon" və s. enerji içkiləri çox populyardır. Asiyadan başlayan bu sehirli nağıl artıq bütün dünyanı əhatə etməyə, yüz milyonlarla insanı öz sehrinə salmağa nail olub. Sürət əsrinin insanları onları daimi müşayiət edən yorğunluq və əzginlikdən qaçıb sığına biləcəkləri içkilərini kəşf ediblər.
Artıq alkaqolsuz içkilər bazarı dedikdə, yalnız iki amerika şirkətinin rəqabəti ağla gəlmir. İndi hamı yaxşı başa düşür ki, Asiya və Avropanın ortaq ruhu halına gələn enerji içkiləri ABŞ-ın transmilli şirkətlərini bazarda sıxışdırmağa başlayıb.
Bəs sürətlə həyatımıza daxil olan bu enerji içkiləri, onların tərkibi haqqında nə bilirik?
Onlar haqqında ara-sıra mətbuatda peyda olan tənqidi fikirlər nə dərəcədə həqiqətdir? Mütəxəssislər, Avropanın və Azərbaycanın rəsmi strukturları bu içkilərə necə rəy verirlər?
Taurin fobiyası
Bu suallara cavab tapmaq üçün öncə enerji içkilərinə qarşı tənqidlərdə səsləndirilən fikirlərə nəzər yetirməliyik. Tənqidçilərin, əsas istinad etdikləri məsələ enerji içkilərinin tərkibində taurinin olması faktıdır.
Taurin varmı? Ələbəttə, var! Bəs bu adı çox hallandırılan taurin nədir? Tibbi mənbələrə görə, taurin amin turşusudur. Amin turşuları zülalların əsas özəyidir. Bu maddəyə ilk dəfə öküz ödündə rast gəlinib. Bu səbəbdən də "Taurin” adı latınca "taurus” (öküz – red. ) sözündən götürülüb. Bundan əlavə, buğdanın, balığın, ətin, hətta ana südünün tərkibində də taurin var. İcazə verilən miqdarda taurin sağlamlıq üçün xeyirlidir. Belə ki, bunun skelet əzələlərinin inkişafına, gözə, qan təzyiqinin, ürək-damar sisteminin, mərkəzi sinir sisteminin fəaliyyətinə müsbət təsiri var.
Avropa Qida Təhlükəsizliyi Təşkilatı 2003-cü ildə gündə bir çəki kiloqramına 1,0 mq taurinin zərərsiz olduğunu açıqlayıb. Məlumat üçün bildirək ki, məsələn, 4 ədəd 250 qramlıq "Bizon" enerji içkisinin tərkibində ümumi 1,0 mq taurin var.
Rəsmi qurumların mövqeyi nədir?
Hələ ötən il enerji içikləri ətrafında müzakirələr açılanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) Trend informasiya agentliyinə açıqlamada məsələyə aydınlıq gətirilmişdi. Bildirilmişdi ki, energetik içkilərin tərkibində istifadə edilən taurin ilk dəfə 1827-ci ildə Friedrich Tiedermann ve Leopold Gmelin tərəfindən öküzün ödündə kəşf edilib: "Sonralar bu maddənin insanların və bəzi heyvanların bədənlərində təbii olaraq meydana gəldiyi məlum olub. Energetik içkilərdə istifadə olunan taurin (taurine) nevroloji inkişafa kömək edən, qandakı mineral duz və su normasını tənzimləyən bir amin turşusudur. Taurin, yediyimiz ət və balıq məhsullarında, hətta ana südündə təbii olaraq mövcuddur".
Komitə rəsmisi Fazil Talıblı qeyd etmişdi ki, energetik içkilərin tərkibində olan və əsas müzakirə mövzusu olan taurin (Aminoethanesulfonic acid) maddəsindən istifadəyə "Qida əlavələri, aramatizatorlar və texnoloji yardımlar üçün təhlükəsizlik tələbləri" TP TC 029/2012 Texniki reqlamentində icazə verilir.
Onun sözlərinə görə, bəzi araşdırmalar taurinin fiziki və zehni performansı artırdığını üzə çıxarıb. Taurin müxtəlif xəstəliklərin müalicəsində də istifadə edilir: "Gündə ən çox 3,000 mg taurin istifadə edilməsi tövsiyə olunur. Azərbaycana idxal edilən və sertifikatlaşdırılan energetik içkilər TP TC 021/2011, TP TC 029/2012 (Qida məhsullarının təlükəsizliyi haqqında. Texniki reqlament) normativ sənədinə uyğundur".
Həkim nə deyir?
Həkimlər bildirir ki, kliniki tövsiyyələr hələ bu içkilərin zərərləri barədə hər hansısa bir elmi məlumat ortaya qoymayıb. Elmi məlumat olsaydı, bu içkilərə ümumiyyətlə, qadağa qoyulardı. Səhiyyə Nazirliyinin belə bir qadağası yoxdur.
Bununla belə, həkimlər vurğulayır ki, bu içkilərdən gün ərzində külli miqdarda qəbul etməyi tövsiyyə edilmir. Yəni gündə 6-10 ədəd içənlər belə var. Ürək problemlərinə meyilliliyi olan insanlara bu içkidən istifadə etmək tövsiyyə edilmir.
Qadağalar haqqında söylənilənlər həqiqətdirmi?
Ara-sıra enerji içkilərinin hansısa ölkədə qadağan olunması və ya qadağan olunacağı ilə bağlı yazılara da rast gəlirik. Ən sadə məntiq də deyir ki, əgər ən mühafizəkar islam ölkələrində belə bu içkilərin satışına heç bir maneə yoxdursa, texnologiyanın yüksək həddə olduğu Avropa ölkələrində bütün sınaqlardan uğurla keçirilibsə, deməli bu fikirlər "Qara piar"dan başqa bir şey deyil. Avropa 20 ildən artıqdır ki, bu içkilərdən istifadə edir və ondan ilk istifadə edənlər artıq bu gün-sabah təqaüdə çıxmağa hazırlaşır və heç bir problem yaranmayıb.
Əlbəttə, heç kim demir ki, ifrata varılsın və gün ərzində 8-10 qutu enerji içkisindən istifadə edilə bilər. Əgər biz adi suyu da normadan artıq qəbul etsək, bu, orqanizmə tədricən ziyan vuracaq. Dahi Nizami Gəncəvi demişkən:
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.
Fikrimizcə, mövzunu elə burda da yekunlaşdırmaq olar.
Aydın
Qaynarinfo.Az
Şərhlər