Foto 18:17 13.01.2019

Avtomobillərin aksiz dərəcələrinin artması ehtiyat hissələrini də bahalaşdıra bilər? (FOTOLAR)

Yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırıldıqdan sonra demək olar ki, mühərrikin həcmindən asılı olaraq avtomobillərin qiymətində bahalaşma oldu.

Bəs, görəsən rüsumların artırılması avtomobillərin ehtiyat hissələrinə də təsir edibmi? Aksiz dərəclərinin artırılması bahalaşmaya səbəb olubmu?

Bu suallara aydınlıq gətirmək üçün musavat.com-un müxbiri avtomobillərin ehtiyat hissələri satışı bazarına baş çəkib, qiymətlərə maraqlanıb.



Öncədən qeyd edək ki, Azərbaycana idxal edilən avtomobillərin sayında ötən illərlə müqayisədə artım müşahidə olunsa da, ümumilikdə alıcıların tələbatı daha çox köhnə avtomobillərədir. Ekspertlər hesab edirlər ki, buna səbəb idxal olunan yeni avtomobillərin qiymətlərinin baha olmasıdır.

Son zamanlar alıcılar daha çox "Niva” (VAZ 2121) və Mercedes C200 modellərinin ehtiyat hissələrini axtarırlar. Bazarda da məhz bu avtomobillərin ehtiyat hissələrində qiymət artımı var. Bu qiymət son vaxt artırılan aksiz dərəcləri ilə əlaqəli deyil. 

Vurğuladığımız kimi tələbatın çox olmasından irəli gəlir. Çin, Koreya, İran avtomobillərinin ehtiyat hissələrində isə heç bir artım yoxdur.

Bazarda alıclar və satıcılar arasında aparılan sorğu nəticəsində aydın olub ki, köhnə avtomobillərə tələbat çox olduğu üçün məhz bu səbəbədən də ehtiyat hissələrində qiymət artımı nəzərə çarpır.

Bəzi alıcılar işbazların  süni şəkildə qiyməti şişirdiklərini bildirir: "Mercedes C-200” markalı avtomobilim üçün sağ "fara”nın şüşəsini axtarıram. Bayaqdan bir neçə mağazaya yaxınlaşmışam. Hərə bir qiymət deyir. Bazarın girişində bu şüşəni 20 manata təklif edirlər. Ancaq bir qədər içərilərə doğru irəlilədikdə 16-17 manata tapa bildim. Onları da qınamıram, hər şey bahalaşıb. Bir qədər baha satıb, qazanc əldə eləmək istəyirlər”.

Bu bazara ehtiyat hissələri "Sədərək” və "8-ci kilometr” bazarından gətirilir. Az sayda  satıcı fərdi qaydada xaricdən mal gətirir. Bu səbəbdən qiymətlərin tənzimlənməsi və yaxud bahalaşması birbaşa topdansatışda işləyən  sahibkarlardan asılıdır.



Bəzi satıcılar fərdi qaydada xaricdən ehtiyat hissələrini gətirdiklərini bildirirlər: "Ehtiyat hissələrini daha çox Çindən və Rusiyadan gətiririk. Bunun üçün oradakı karqoya malın kiloqramına və kubmetrinə görə rüsum ödəyirik. Hər kubmetrə görə 570 manat pul ödəyirik. Avtomobillər bahalaşandan sonra ehtiyat hissələrinin də bahalaşdığını deyirlər. Ancaq bu yaxınlarda maraqlanmışam, hələlik ehtiyat hissələrində bahalaşma yoxdur. Bəziləri fürsətdən istifadə edib, qiymətləri qaldırırlar. Ola bilsin ki, ehtiyat hissələri bahalaşacaq. Ancaq hazırda belə bir hal yoxdur. Çünki öncədən gətirilmiş mallar satışdadır. Köhnə qiymətlərlə alındığı üçün heç kim bahalaşdırmır. Növbəti dəfə mal alan zaman hər şey bəlli olacaq. Təqribən bir ay ərzində ehtiyat hissələrində nə qədər bahalaşma olduğu aydın olacaq ”.

Satıclarla söhbət zamanı süni qiymət artımının da səbəblərini öyrənmək mümkün olub. Adının çəkilməsini istəməyən satıcı bildirib ki, süni qiymət artımı icarə haqlarının baha olması ilə əlaqəlidir: "Ölkədə ehtiyat hissələri bazarları içərisində ən bahalı icarə haqları burada yığılır. Ən ucuz yerin icarə pulu 600-700 manatdan başlayır. Elə yerlər var ki, 2-3 min manat civarındadır. Biz satıcıları da qınamaq lazım deyil. İcarə haqları və gündəlik xərclərimizi hesablayanda 1000 manatı ötür. Son vaxtlar əksər ərzaq məhsulları da bahalaşıb. Əvvəllər bir ehtiyat hissəsinin üstündə 2 manat qazananda kifayət edirdi. İndi məcbur olub 3-4 manat qazanmağa çalışırıq ki, öz gündəlik dolanışığımıza da kifayət eləsin. Dəfələrlə bazar rəhbərliyindən  icarə haqlarında bir qədər güzəşt etməyini xahiş etmişik, ancaq fayda verməyib. Məcbur qalıb, malları baha satırıq”.



Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli də bildirib ki, səbəb əvvəllər qeyri-rəsmi yolla ölkəyə daxil olan ehtiyat hissələrinə   qanunvericiliyə uyğun şəkildə gömrük rüsumu və ƏDV-nin tətbiq edilməsidir: "Ehtiyat hissələri ilə bağlı gömrük rüsumlarında və aksizlərdə dəyişiklik baş  veməyib. Yəni qanunvericilikdə heç bir dəyişiklik olmayıb. Onların köhnə qayda ilə gətirilməsi mümkündür. Ancaq burada başqa bir məsələ var ki, əvvəllər gömrükdən keçərkən rəmiləşdirmədə müəyyən sxemlərdən, mexanizmlərdən, müxtəlif yollardan istifadə olunurdu. Son məlumata görə gömrükdən keçən ehtiyat hissələrinin dəqiq hesabatı gömrük rüsumlarına cəlb edilməsi mexanizmləri yaradılıb. Əvvəllər konteynerlərdə gömrük rüsumunu birbaşa hesablayıb ölkəyə daxil edirdilərsə, indi hər ehtiyat hissənin ayrı-ayrı qiyməti hesablanır. Belə olduqda 15 manat gömrük rüsumu, 18 faiz əlavə dəyər vergisi hesablanır. Bu günə qədər müxtəlif üsullarla idxal olunan malların bir hissəsini gömrük rüsumundan yan keçirməklə gətirmək mümkün idi. Artıq deyilənə görə bu hallar aradan qaldırılıb. Ölkəyə gətirilən bütün ehtiyat hissələrinə fərq qoyulmadan əlavə dəyər vergisi və gömrük rüsumu tətbiq edilsə, məhz bu amil ehtiyat hissələrinin qiymətinin artmasına təsir göstərə bilər”.