Foto 09:41 14.06.2018

"AXC-100": Filadelfiyada Azərbaycan bayrağı ucaldılıb (FOTOLAR)

ABŞ-ın tarixi şəhərlərindən olan Filadelfiyada AXC-nin 100 illiyi ilə əlaqədar olaraq, şəhər meriyasının binası qarşısında Azərbaycanın dövlət bayrağının ucaldılması mərasimi keçirilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Qaynarinfo-ya bildirilib ki, tədbir Pensilvaniya ştatında yaşayan Azərbaycan icmasının fəalları və Filadelfiya şəhər meriyasının birgə təşkilatçılığı ilə baş tutub. 

Tədbirdə Azərbaycan icması, Filadelfiya şəhər meriyası və səfirliyin nümayəndələri iştirak edib.

Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri tədbirdə AXC-nin yaranma tarixi barədə məlumat verib. Azərbaycanın hazırda güclü və müstəqil dövlət olduğunu və hər bir azərbaycanlının dövləti ilə fəxr etdiyini bildirib.

Filadelfiya şəhər merinin köməkçisi Shila Hass tarixi gün münasibətilə Pensilvaniya ştatında yaşayan Azərbaycan icmasının nümayəndələrini təbrik edib və Filadelfiya şəhər meri Jim Kenni tərəfindən 28 May 2018-ci il tarixinin Filadelfiya şəhərində Azərbaycan Xalq Cümhuriyyəti günü elan edilməsi barədə bəyannaməni diqqətə çatdırıb.