Siyasət 15:11 09.06.2013

AXCP rəhbərliyinə Lənkəranda hücum

İyunun 9-da AXCP Lənkəran şöbəsinin müşavirəsi keçirilməli idi. Bu məqsədlə Bakıdan partiya sədrinin müavini Fuad Qəhrəmanlı, sədrin müşaviri Asif Yusifli və Rəyasət Heyətinin üzvü Mənsum Bayramov rayona ezam olunub. 

Partiyanın Bakıdan gedən rəhbər şəxslərini Lənkəran şöbəsinin fəalı Nazim Həsənov müşaiyət edib. Lakin onlar Lənkərana daxil ola bilməyiblər.

Qaynar.info-nun "Azadlıq"a istinadən verdiyi xəbərə görə, Lənkəranın girəcəyində onlar hücuma məruz qalıblar. Belə ki, bir dəstə adam əllərində daş, yumurta, dəmir və taxta dəyənəklərlə AXCP nümayəndələrinə basqın edib, onlara xəsarət yetirməyə çalışıblar. AXCP nümayəndələri avtomobillə basqınçıların əhatəsindən çıxaraq geriyə hərəkət etmək istəyiblər. Lakin basqınçılar cəbhəçilərin olduğu, M.Bayramova məxsus avtomobilə ciddi zərər vurublar. Avtomobilin arxa və yan şüşələri sındırılıb, müxtəlif hissələri əzilib. Şüşələrin qırılması səbəbindən AXCP nümayəndələri müxtəlif dərəcəli xəsarətlər alıblar.

Bundan başqa, AXCP nümayəndələrinin avtomobilinin qarşısını yük maşını ilə kəsməyə çalışıblar və bu zaman qəza vəziyyəti yaranıb.

AXCP rəhbərliyi basqınçılardan xilas olaraq Bakıya, geri qayıtmağa başlayıblar. Ancaq təşkil olunmuş dəstə onları təqib edib və partiya nümayəndələri Liman qəsəbəsində ikinci dəfə hücuma məruz qalıblar.

AXCP təmsilçiləri hücumun rayon rəhbərliyi tərəfindən təşkil olunduğunu iddia edirlər.

Qaynar.info