Siyasət 13:30 01.04.2013

“AXCP seçki qərargahının yaradılmasına əngəl olmur”

"Siyasi qərarların qəbulu məsələsində müəyyən problemlər qalmaqdadır"


“Mən Koordinasiya Şurasının dönəm sədri olanda bu məsələlər ortaya atılıb. Məsələ Pənah Hüseyn və Vidadi Mirkamal tərəfindən gündəmə gətirilib”.

Bunu Qaynar.info-ya açıqlamasında İctimai Palata Koordinasiya Şurasının üzvü Qələndər Muxtarlı  deyib. Q.Muxtarlının sözlərinə görə, İP-də may-iyun aylarında Koordinasiya Şurasına (KŞ) seçkilərin keçirilməsi ilə bağlı fikirlər səsləndirilib: “Sadəcə, bu fikir kimi irəli sürülüb. Amma ötən ilin dekabrında müzakirlər zamanı şərtlər müəyyənləşdirilmişdi ki, ölkədə demokratik mühit yaradılandan sonra seçkilər keçiriləcək. Belə olmayacağı təqdirdə şərtlər bütün parametrləri ilə təmin olunmur. İndiki hakimiyyətin mövcud olduğu dövr ərzində normal, ədalətli seçki keçirilmədiyinə görə bunun əksi olaraq Koordinasiya Şurasının bir örnəyə, nümunəyə çevilirdiyi üçün biz seçkilərin keçirilməsini istəyirdik. Bu, cəmiyyətdə canlanmaya səbəb ola bilərdi, çünki KŞ ölkədə siyasi proseslərin bir barometridir, müəyyənedici faktorudur. Yenə də deyirəm, buna əngəl olan bir sıra amillər var, ölkədə demokratik seçki mühiti yoxdur”.

KŞ üzvü bildirib ki, seçkidə iştirak haqqında ilkin qərar qüvvədədir: “Qərar bundan ibarətdir ki, Müsavat və AXCP-nin namizədləri və digər namizədlər bir-birlərinə əngəl olmadan seçki hazırlığı prosesinə başlaya bilərlər. Biz istəyirik ki, ölkədə bütün gücləri birləşdirən bir ortam yaransın və ortamın vahid namizədi, vahid seçki qərargahı olsun. Nəhayət, Azərbaycan qara siyahıda olan ölkələr sırasından çıxarılsın. Bu istiqamətdə vahid seçki qərargahının yaradılması mühüm məsələdir, buna görə də mühüm addımlar atılır. Siyasi qərarların qəbulu məsələsində müəyyən problemlər qalmaqdadır. Ona görə bu məsələlər yenidən müzakirə ediləcək”.

Q.Muxtarlı hesab edir ki, vahid seçki qərargahının yaradılmasına AXCP mane olmur: “Vahid seçki qərargahının yaradılmasına AXCP mane olur demək yanlışdır. AXCP hələ namizədini müəyyən etməyib. Bu da müəyyən mənada başa düşüləndir. Ölkədə hər şeyi həyata keçirmək olar, amma seçkilərin demokratik keçirilməsi ilə bağlı yanaşmaya heç kəs inanmır. Bunun üçün heç bir əlamət yoxdur. AXCP bu konteksdə namizədini irəli sürməyib. Vahid seçki qərargahının yaradılmasına əngəl olan amil ölkədə seçki mühitinin olmamasıdır”.

İlkin
Qaynar.info