Ölkə 17:08 15.05.2013

Ayaz Mütəllibovdan təmtəraqlı ad günü

20 ildən çox Moskvada mühacirət həyatı yaşadıqdan sonra ötən ilin ortalarında vətənə qayıdan Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov mayın 12-də özünə təmtəraqlı ad günü mərasimi – yubiley keçirib. Mayın 12-də 75 yaşı tamam olan A.Mütəllibov 20 ildən sonra ilk dəfə doğum gününü Azərbaycanda qeyd edib.

Bu barədə Modern.az saytına Ayaz Mütəllibovun dostu və keçmiş partiyadaşı Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə məlumat verib.

A.Mütəllibovun ad günü mərasimində iştirak etmiş ASDP sədri eks-prezidentin yaxşı əhval-ruhiyyədə olduğunu vurğulayıb: “Ayaz müəllimin mayın 12-də 75 yaşını qeyd etdik. Yubiley mərasimində onun qohumları, tanışları və eləcə də dostları iştirak edirdilər. Mən də həmin məclisə dəvət olunmuşdum. Ayaz müəllimin çox gözəl əhval-ruhiyəsi var idi. Hər şey yaxşı idi, çox gözəl də məclis keçdi”.

Məclisdə A.Mütəllibovun dostlarından kimlərin iştirak etdiyinə gəlincə, A.Əlizadə ad çəkmək istəməyib: “Mən ad çəkmək istəməzdim. Amma deyə bilərəm ki, yaxın dostlar, tanışlar-hamı Ayaz müəllimin ad günü mərasiminə yığışmışdı”.

Sabiq prezident Ayaz Mütəllibovun Azərbaycana həmişəlik qayıtması ötən il eks-prezidentlər haqqında qanun qəbul olunandan sonra gerçəkləşib. O, 2012-ci il iyulun 7-də xanımıyla birgə Moskvadan həmişəlik Bakıya qayıdıb.

Ayaz Mütəllibov əvvəlcə Bilgəhdəki bağ evində yaşayıb. Daha sonra ona şəhərin mərkəzində mənzil verilib və Mütəllibov ora köçüb.

A.Mütəllibov bir müddət Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri olub. 2012-ci il iyunun 30-da partiyanın Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov həmsədr vəzifəsindən və siyasətdən getdiyini bəyan edib.

Qaynar.info