Sənət 14:48 24.09.2014

AYB-də 1 milyonluq iddiadan xəbər var

Sabah Nərimanov rayon məhkəməsində Yazıçılar Bilrliyi sədrinin müşaviri, Yazıçılar Birliyində ev bölgüsü ilə bağlı yaradılmış komissiyanın sədri Rauf Aslanovun Ramiq Muxtarlıya qarşı məhkəmə iddiası üzrə növbəti proses keçiriləcək.

Rauf Aslanov Aktual.az-a açıqlamasında bu barədə danışıb: “Ramiq Muxtarlı iddia edirdi ki, mən camaatın pulunu mənimsəmişəm və onda zərərçəkən insanların siyahısı var. Həmin insanların məhkəməyə gətirilməsi ilə bağlı vəkilim vəsatət qaldırdı. Onların məhkəməyə gətirilməyəcəyi təqdirdə  Ramiq Muxtarlının böhtan və şər atması ilə bağlı yeni iddia qaldıracağımızı diqqətinə çatdırdıq. Birinci  prosesdə R. Muxtarlı o insanları məhkəməyə gətirə bilmədi. Sabah, yəni sentyabrın 25-də məhkəmədə növbəti proses olacaq”.

“Ramiq Muxtarlının üzr istəyəcəyi təqdirdə, siz iddianızı geri götürəcəksinizmi?” sualına Rauf Aslanov belə cavab verib: “İnanın, o elə vəziyyətə gətirib çatdırdı ki, güzəştə getməyə yer qoymadı. İnsan gərək danışanda, dediklərinə diqqət etsin. Haqqımda səsləndirdiklərindən sonra  çıxıb desəydi ki, əsəbi olmuşam, güzəşt barədə fikirləşmək olardı. O məni dələduz adlandırıb. Mənə böhtan atıb. Ona görə güzəşt məsələsi müzakirə mövzusu ola bilməz”.

Sədr müavininin sözlərinə görə, Ramiq Muxtarlı məhkəmədən, hətta, onları barışdırmasını da xahiş edib: “Gedib məhkəmədən xahiş edib ki, bizi barışdırın. Mən də barışığa getməyəcəm. “Mizrab” adlı jurnal buraxdı, ilk sayında mənimlə bağlı yazdı. Jurnalda qeyd etmişdi ki, mənim əmək kitabçam çox gülməlidir. Eyni zamanda, həmin məqalədə də mənə böhtan atıb. Mətbuat Şurası “Mizrab” jurnalını “qara siyahı”ya saldı. Mən əmək kitabçamı məhkəməyə təqdim etmişəm. Baxsınlar, görüsünlər, orada gülməli nə var? Vallah, barışmağa üz qoymayıb”.

Xatırladaq ki, Yazıçılar Birliyinin üzvü Ramiq Muxtarlı Birlik sədrinin müşaviri, mənzil komissiyasının sədri Rauf Aslanovu  üzvlərə verilən 9 mənzilin satışından bir milyon manat pul mənimsəməkdə ittiham edib.

Qaynar.info