Ölkə 17:49 23.01.2013

Aydın Mirzəzadənin sürücüsü cəzalandırılacaqmı?

Vaqif Əsədov: “Qanunda güzəşt yox, bərabərlik prinsipi var”

Bakı Şəhər Dövlət yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov millət vəkili Aydın Mirzəzadənin sürücüsünün Qaradağ rayonunda bir nəfərin ölümü ilə nəticələnmiş yol qəzası törətməsi ilə bağlı Press24.az-a açıqlama verib.

“Qəsdən və ya ehtiyatsızlıq üzündən yol hərəkəti haqqında qanunun tələblərini pozaraq inzibati xəta törədənlər kimliyindən, irqindən, cinsindən, mənsubiyyətindən və vəzifəsindən asılı olmayaraq, qanun qarşısında bərabərdirlər.

İnzibati xətalar məcəlləsində qeyd olunur ki, tərəflər arasında şikayət yoxdursa, məhkəmələr buna yüngülləşdirici hal kimi baxa bilər”, - deyə Vaqif Əsədov qeyd edib.

Onun sözlərinə görə, tərərflər arasında şikayətin olub-olmamasından, eləcə də dəymiş zərərin məbləğindən asılı olmayaraq, yol nəqliyyat hadisələri mütləq sənədləşdirilməli və tədbir görülməsi üçün aidiyyatı orqanlara göndərməlidir. Qəza zamanı sürücünün törətdiyi xətaya uyğun müəyyən edilmiş cərimənin ödənilməsi ilə əlaqədar inzibati protokol tətbiq edilir və sürücüyə verilir.

“Yol nəqliyyat hadisələrində cinayət işi xəsarətin dərəcəsindən asılı olaraq qaldırılır və hadisə aidiyyatı üzrə polis bölmələrində müstəntiqlər tərəfindən araşdırılır. Odur ki, günahkar sürücü inzibati qaydada cəzalandırılmalıdır. Yol hərəkəti haqqında qanunun tələbinə əsasən güzəşt və ya digər müsbət göstəricilərin həyata keçirilməsi nəzərdə tutulmur. Qanunda güzəşt yox, bərabərlik prinsipi var”, - deyə bölmə rəisi söylədi.