QARDAŞXAN

Gilana

***

Ayrılıqlar başladı
başlandı ayrılıqlar
bu yerdə kara gəlməz daha ayrı qılıqlar
ah bir küncə qısnayan qurdbasan aralıqlar
öldün qaldın deyən yox
qalmısan aralıqda

yeni era başlayır
ayrılıqlar erası
gedər buruq boylular qalar boynu buruqlar
qalanları qalıqlar
çoxalar bu qırıqlar
və başlar ayrılıqlar erası
bizim era


***
N.N.

Kiçik çillə deyil hava sazaqdı
hələ fevrala var mart da uzaqdı
onda türkün sözü bu nə tuzakdı
yaz ətri burnuma haradan gəlir

ya mən havalıyam ya hava xəstə
ya da məzə könlüm təzə həvəsdə
böyük çillə ilə nəfəs nəfəsdə
yaz ətri burnuma haradan gəlir

deyirəm yazdığım hər misra elə
bir yaz havasına bürünüb gələ
bəlkə Pəncərədən daş gəlir belə
yaz ətri burnuma haradan gəlir